date saat

Noyabr ayının 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələri nazirliyin bir neçə struktur qurumunda və Naxçıvan bələdiyyəsində olmuşlar.

Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Naxçıvan Şəhər Nikah Evinin, Naxçıvan Şəhər 2 saylı Notariat Ofisinin və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin iş prinsipləri ilə yaxından tanış  edilmişlər. İcra və Probasiya Şöbəsində tələbələr icra məmurları tərəfindən həyata keçirilən icra prosesində   yaxında iştirak etmiş, icra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri və elektron-icra sisteminin xüsusiyyətləri barədə geniş məlumat əldə etmişlər. Nikah Evində nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlərlə və bu sahədə kargüzarlığın aparılması qaydaları, eləcə də vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilmiş,  nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması prosedurunda iştirak etmişlər. Notariat Ofisində isə notariat hərəkətlərinin aparılmasının əsas qaydaları ilə praktiki olaraq tanış olmuş, notariat hərəkətləri aparılmasına dair qanunvericiliyin əsas müddəaları barədə məlumatlandırılmışlar.

     

Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin Bələdiyyələrlə iş mərkəzinin iş prinsipləri ilə tanış  edilmişlər. Onlara mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmiş və qeyd olunmuşdur ki, mərkəzdə bələdiyyə fəaliyyətinə inzibati nəzarət  qaydasında  daxil olan bələdiyyə aktlarının qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılır. Bələdiyyələrə metodiki köməkliklər göstərilir, onlar bələdiyyə qanunvericiliyinə aid metodiki vəsitlərlə təmin edilirlər. Tələbələr bələdiyyələrdən daxil olmuş  aktlarla və mərkəzin arxivi ilə tanış olmuş, bələdiyyə aktlarının araşdırılması işində iştirak etmişlər.

Həmin gün dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələr Naxçıvan bələdiyyəsində olmuş və bələdiyyənin gündəlik iş prosesi ilə, eləcə də daxil olan sənədlərin qeydiyyatı, işlənmə qaydası, rəsmiləşdirilməsi və göndərilməsi qaydaları ilə tanış olmuşlar. Vətəndaşlardan daxil olmuş müraciətlərin araşdırılması, bələdiyyə vergilərinin rəsmiləşdirilməsi sənədləri ilə işləmə qaydasını öyrənmişlər.

Ədliyyə orqanlarının iş prinsipləri ilə tanışlıq tələbələrdə böyük maraq doğurmuş, onların tanış olduqları sahələr üzrə maraqlandıqları suallara aydınlıq gətirilmişdir..

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti