date saat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında 2021-2022-ci tədris ili üçün birgə tədbirlər planına uyğun olaraq universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri üçün nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən seminar keçirilib. Seminarda ekspertlər tərəfindən hazırlanan slaydlar vasitəsilə tələbələrə keçirilən ekspertizalar barədə məlumat verilmişdir.
Seminarı giriş sözü ilə açan fakültənin dekanı Yusif Hüseynov keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Qeyd etmişdir ki, hamiliyə verilən tələbələr üçün keçirilən seminarların bu sahədə bilik və bacarıqlarını daha da artırılmasına xidmət edir.
Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev “Cinayətlərin açılması və cinayətkarlığın qarşısının alınmasında insan izlərinin tədqiqinin əhəmiyyəti” mövzusunda çıxış etmişdir. Bildirmişdir ki, məhkəmə ekspertizaları sırasında əhəmiyyətinə görə vacib sayılan ekspertizalardan biri də məhkəmə-daktiloskopik ekspertizasıdır. Daktiloskopik ekspertiza cinayət işlərində insan həyat və sağlamlıq əleyhinə törədilən cinayətlər, oğurluq, sənədlərin saxtalaşdırılması və s. hadisələrin istintaqı zamanı faktiki halların aydınlaşdırılması məqsədi ilə təyin edilir.
Məhkəmə Ekspertizası Mərkəzinin ballistik və trasoloji ekspertizalar bölməsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski mərkəzin tarixi və yaranma zərurəti, orada aparılan ekspertizalar, ekspert tədqiqat üsul və metodları, ekspertlər qarşısında qoyulan, xüsusi bilik tələb edən məsələlərin həlli barədə tələbələrə qısa məlumat vermiş, tələbələrdə ekspertiza sahələrinə maraq oyatmaq məqsədilə, gələcəkdə də bu tipli seminarların mütəmadi olaraq keçiriləcəyini tələbələrin diqqətinə çatdırmışdır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti