date saat
Avqustun 25-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhər mərkəzində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti maarifləndirici seminar keçirilib. Rayon üzrə fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə təşkil edilən seminarı giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov açaraq tədbirin mahiyyəti barədə məlumat verib.
Mülki hüququn olduqca böyük və mürəkkəb bir sahəsi olan vərəsəlik hüququ hər zaman olduğu kimi, günümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır. Deyə bilərik ki, ən həssas mənəvi xüsusiyyətləri özündə cəm edən mülki hüquq normaları məhz vərəsəlik münasibətləri ilə bağlı olanlardır. Vərəsəlik münasibətləri özlüyündə əmlak xarakterli məsələləri ehtiva etsə də, miras qoyan öz əmlakı ilə bağlı son iradəsini həyata keçirərkən ətrafdakıların ona qarşı münasibətlərini, özünə və yaxınlarına qarşı davranışlarını, eləcə də onların ehtiyaclarını və digər əhəmiyyətli bildiyi göstəriciləri nəzərə almaqla hərəkət edir.
Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Eyni zamanda vərəsəlik hüququ vəsiyyət etmək hüququ ilə yanaşı, miras almaq hüququna da təminat verir. Yəni vərəsəlik hüququ bir tərəfdən vəsiyyət edə bilməyi nəzərdə tutursa, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib, ona sahib olmağı nəzərdə tutur.