date saat
Avqustun 25-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhər mərkəzində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti maarifləndirici seminar keçirilib. Rayon üzrə fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə təşkil edilən seminarı giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov açaraq tədbirin mahiyyəti barədə məlumat verib.
Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Reyhan Sadiqovanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” barədə çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, icra nümayəndələri qeydiyyat və notariat sahəsi üzrə onlara verilən səlahiyyətləri həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsaslanmalıdırlar. Bu gün əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi nazirlik qarşısında qoyulan əsas vəzifələrdəndir.
Sonra nazirliyin Şahbuz rayonu üzrə Qeydiyyat Şöbəsinin rəisi Könül Əsədova “Ailədə uşaqların hüquqları, ad hüququ, adın, soyadın və ata adının verilməsi və dəyişdirilməsi qaydası” və Şahbuz rayon Dövlət Notariat Ofisinin dövlət notariusu Şəhriyar Kərimli “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” barədə məlumat veriblər. Bildirilib ki, icra nümayəndəliklərində uşaqlara yeni adların verilməsi zamanı adların düzgün yazılışına da diqqət yetirilməli, gülünc adların qoyulmasına imkan yaratmamalı, xüsusəndə yazılan adlar Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır. Notariat hərəkətlərinin aparılması zamanı da nöqsanlara yol verilməməli, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələbləri gözlənilməlidir.
Seminarın sonunda müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti