date saat

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Sədərək rayon Heydərabad qəsəbəsində “Bələdiyyələrin torpaq üzərində mülkiyyət hüququ və məsuliyyət” mövzusunda bələdiyyə sədrləri və qulluqçuları üçün seminar təşkil edilmişdir.

Seminarı giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əmrah Ərəbov açaraq muxtar respublikada bələdiyyələrin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yaradılan lazimi şərait və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə göstərilən köməklik barədə danışıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə  iş  mərkəzinin  rəisi  kiçik ədliyyə müşaviri Xəyal Eyvazov bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsinin vacibliyi və bu istiqamətdə bələdiyyələrin üzərinə düşən vəzifələri diqqətə çatdırıb. Bələdiyyə torpaqlarının idarə edilməsinin xüsusiyyətləri, həmin torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları və şərtləri barədə iştirakçıları məlumatlandırıb.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Torpaq məsələləri şöbəsinin əməkdaşı Oqtay Məmmədov bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə yaranan məsuliyyət  məsələsinə toxunub. Qeyd olunub ki, torpaq qanuvericiliyinin  tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Torpaqların özbaşına tutulması qanunla qadağandır və özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

 

Mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı qəbul edilən bələdiyyə qərarları və digər məsələlər barədə isə Ədliyyə Nazirliyinin  Qanunvercilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxış edib. Bələdiyyə qərarlarının qanunda təsbit olunmuş qaydada qəbul edilməsi barədə əsas məqamları diqqətə çatdırıb. Qeyd olunub ki,bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. İştirakçılara “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsaitlər təqdim edilmişdir. 

 

       Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti