date saat
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra aqrar sahənin dirçəldilməsində ilk öncə torpaqlardan səmərəli istifadənin təşkili qarşıya qoyulan əsas məqsədlərdən biri olmuşdur. Ölkədə aparılan əhalinin rifah halının yüksəldilməsinə yönəlik çoxşaxəli tədbirlər muxtar respublikamızda da uğurla davam etdirilir. Bu tədbirlərin mühüm bir hissəsini torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsi təşkil edir. Qeyd edək ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulmuş torpaqlar bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqlarıdır. Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi ilə bağlı torpaq qanunvericiliyinin tələblərinə əməl etməkdir.
Bələdiyyə torpaqlarından bələdiyyənin, o cümlədən yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi xüsusi ilə əhəmiyyətlidir. Qanunda bələdiyyə torpaqlarından haqqı ödənilməklə istifadə edilməsi bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindən biri kimi təsbit olunmuşdur. Torpaqlardan səmərəli istifadəni şərtləndirən amillərdən biri də bələdiyyə mülkiyyətinə məxsus torpaqların qanunvericiliklə nəzərdə tutulmuş qaydada icarəyə verilməsidir. Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında bazar məzənnəsi nəzərə alınmaqla həyata keçirilir. İcarə müqaviləsində tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin statusu, öhdəliklər, müqaviləyə xitam verilməsinin əsasları və digər şərtlər nəzərdə tutulur. Bələdiyyə mülkiyyətində olan və icarəyə verilən torpaqlar məqsədli təyinatı üzrə istifadə edilməlidir. Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatı üzrə səmərəli istifadə olunması ərzaq bolluğunun yaradılmasına və özünüməşğulluğa müsbət təsir göstərən əsas amillərdəndir. Bələdiyyələr öz növbəsində icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqların istifadə vəziyyətini və icarə şərtlərinə əməl olunmasını daim nəzarətdə saxlamalı, torpaq vergisinin və icarə haqqının müəyyən olunmuş müddətdə ödənilməsini təmin etməlidirlər.
Bələdiyyə torpaqlarının səmərəli idarə edilməsi sahəsində bələdiyyələrin üzərinə qoyulan mühüm vəzifələrdən biri də torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması istiqamətində öz səlahiyyətləri çərçivəsində tədbirlərin müəyyən edilib həyata keçirilməsidir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nda yerli özünüidarəetmə orqanlarının da üzərinə mühüm vəzifələr qoyulmuşdur. Belə ki, yerli özünüidarəetmə orqanları öz üzərlərinə qoyulan vəzifələri yerinə yetirməklə fəaliyyət göstərdikləri ərazilərdə torpaq qatının münbitləşməsinə, istehsalın yüksəldilməsinə və əhalinin məşğulluq səviyyəsinin artırılmasına öz töhfələrini vermiş olurlar.
Torpaqların münbitliyinin bərpası sahəsində bələdiyyələrin üzərinə düşən vəzifələr “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir. Torpaqların münbitliyinin təmin olunması sahəsində bələdiyyələrin aşağıdakı vəzifələri vardır:
-Torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət siyasətinə əməl olunması;
-Bələdiyyə mülkiyyətinə aid edilmiş torpaqların münbitliyinin təmin olunması sahəsində qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul edilməsi;
-Torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində yerli proqramlar hazırlamaq, həyata keçirmək və icrasına nəzarət etmək;
-Yerli büdcələrin tərkibində torpaqların münbitliyinin təmin olunması sahəsində xərclər müəyyənləşdirmək və onların maliyyələşdirilməsini həyata keçirmək;
-Öz əraziləri daxilində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrində ətraf mühitə və başqalarının torpaqlarına zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək;
-Öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarını səmərəli istifadəsinə və münbitliyinin mühafizəsinə nəzarət etmək;
Bələdiyyələr öz əraziləri daxilində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrində ətraf mühitə və başqalarının torpaqlarına zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etməli, öz səlahiyyətləri çərçivəsində bələdiyyə torpaqlarının səmərəli istifadəsinə və mühafizəsinə nəzarət etməlidirlər. Torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqdan haqqı ödənilməklə istifadə edilməsi, rəqabətqabliyyətli kənd təsərrüfatı məhsulları istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq və özünüməşğulluğun inkişafını təmin etmək qarşıda duran əsas məsələlərdəndir. Bələdiyyələrin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi sahəsində maarifləndirmə tədbirləri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır və bununla bağlı tədbirlər təşkil edilir.
Respublikamızda kənd təsərrüfatı institutunun inkişafında, yoxsulluğun azaldılması və iqtisadi inkişafın təmin edilməsində, işsizliyin aradan qalırılması, eyni zamanda həyat səviyyəsinin yüksəlməsi və sosial problemlərin həllində rayon və şəhər bələdiyyələri mühüm rol oynayır. Əhalinin artan tələbatının ödənilməsi ilk növbədə bu məqsədlə istifadə olunan torpaqların münbitliyinin bərpası, artırılması problemin həllində mühüm addım olmuşdur. Bələdiyyələrin səmərəli fəaliyyəti ölkədə baş verən demoqrafik proseslərə də öz təsirini göstərir. Belə ki, səmərəli fəaliyyət göstərən bələdiyyələr ərazidə yaşayan əhali üçün məşğuliyyət sahələri, iş imkanları təmin etməklə onların iri şəhərlərə meylinin qarşısını da almış olurlar.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətli olduğundan bu istiqamətdə aparılan dövlət siyasəti yaranmış potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir. İstehsalın səviyyəsinin artması idxal olunan məhsulları yerli məhsullarla əvəz etməyə, kənd təsərrüfatı məhsullarının istehsalını çoxaltmağa və kənd yerlərində məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan yaradır.
Nuranə Kərimova
Ədliyyə Nazirliyinin əməkdaşı
"Naxcivanxeberleri.com" saytında dərc edilmişdir