date saat
Maddi-mədəniyyət nümunələrimizin saxlanc yeri olan muzeylərlə kollektiv tanışlıq davam edir. Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyini ziyarət ediblər.
Muzeyin bələdçisi bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev, böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığına və şəxsiyyətinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə həmişə böyük diqqət və qayğı ilə yanaşıb. Məhz ümummilli liderin siyasi hakimiyyəti illərində yazıçı haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, yubileyləri təntənəli şəkildə qeyd edilib.
Cəlil Məmmədquluzadənin ev-muzeyi haqqında məlumat verən bələdçi bildirib ki, muzeyin binası şərq memarlıq üslubunda tikilmiş XIX əsrə aid olan yaşayış evidir. Qonaqların diqqətinə çatdırılıb ki, ekspozisiya zalı və foyedən ibarət olan muzey 1999-cu ildə yaradılıb. Muzeyin fondunda 2500-ə yaxın eksponat vardır, onlardan 300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi, məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirləri və tədqiqatçılarının əsərləri, rəsm əsərləri muzeyin qiymətli eksponatları sırasındadır.
Sonra Ədliyyə Nazirliyinin kollektivi muzeylə əyani tanış olub.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti