date saat
Aprelin 29-da Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarında çalışan icra məmurları “Borclu və onun əmlakının axtarılması” mövzusunda təşkil edilən onlayn təlimdə iştirak ediblər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının onlayn formatda təşkli etdiyi təlim icraatda olan işlərin icra olunma faizinin yüksəldilməsinə, bu sahədə edilən yeniliklərin tətbiq olunaraq müsbət nəticə əldə edilməsinə və icra məmurlarının bilik və bacarıqlarının artırılmasına istiqamətlənib.
Təlimdə borclunun və onun əmlakının axtarılması haqqında qərarın qəbul edilməsi, həmin qərarın təsdiq olunması barədə qanunun tələbləri barədə danışılıb. Qeyd olunub ki, icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Borclunun əmlakının axtarılması barədə qərarı icra məmuru qəbul edir. Borclu fiziki şəxsin axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması isə icra məmurları tərəfindən həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti