date saat

Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan” Universitetində seminar keçirilib. “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda keçirilən seminarda universitetin pedeqoji heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin Pedaqogika və psixologiya kafedrasının müdiri Aytən Məmmədova iştirakçıları salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsas fundamentidir” mövzusunda çıxış edərək, muxtar respublikada dövlət tərəfindən ailələrə, xüsusilə də gənc ailələrə göstərilən diqqət və qayğıdan bəhs etmiş, ailələrin sağlamlıqlarının qorunması sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, milli fundamental dəyərləri saxlamaqla müasir dünyanın çağırışları ilə ayaqlaşan ailələrin formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

“Nikah və nikah müqaviləsi ailələrin qorunma vasitələrindən biridir” mövzusunda Ədliyyə Nazirliyinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi Həbibə Əliyeva məlumat verib. Nikah müqaviləsinin bağlanmasının əhəmiyyəti, şərtləri, qaydaları, həmin müqavilənin etibarsız hesab olunduğu hallar barədə əsas məqamlar iştirakçıların diqqətinə çatdırılıb.  Bildirilib ki, nikah müqaviləsinin bağlanması tərəfləri əmlak mübahisəsi mərhələsində yaranacaq mübahisələrdən sığortalayır. Ona görə də vətəndaşlar istər nikahdan öncə, istərsə də  sonra qanunvericiliyin yaratdığı bu əlverişli imkandan faydalanmalıdırlar.

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin ümumi təbabət klinik fənlər kafedrasının müdiri, həkim ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru dosent Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinədən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindəndir” mövzusunda çıxış edərək tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçmələrinin və ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsinin əhəmiyyətindən danışıb.

Tədbir qarşılıqlı diskusiya şəklində davam etmiş və iştirakçılara mövzuyla bağlı hazırlanmış broşürlər paylanılmışdır.

 

         Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti