date saat
Aprelin 28-də Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə “Yerli vergilərin və ödənişlərin ödənilməsini tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr və məsuliyyət” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarı giriş sözü ilə Culfa rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov açaraq keçirilən maarifləndirici tədbirin əhəmiyyətini qeyd edib.
Seminarda Ədliyyə Nazirliyinin əməkdaşları Xəyal Eyvazov “Yerli vergilərin və ödənişlərin ödənilməsini tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr”, Ayaz Məhərrəmov “Bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi” və Dövlət Vergi Xidmətinin əməkdaşı Famil Həsənov “Bələdiyyə vergilərinin və ödənişlərin hesablanması, ödənilməsi və məsuliyyət” mövzularında çıxış ediblər.
Məruzəçilər yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı bələdiyyələrin hüquq və vəzifələri, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi barədə qanunvericiliyin tələblərini diqqətə çatdırıblar. İştirakçılar torpaq vergisinin dərəcələri, hesablanma tarixi, məbləği və ödənilmə müddəti barədə qanunvericilikdə nəzərdə tutulan qaydalar haqqında məlumatlandırılıb. Qeyd olunub ki, yerli vergilərin müəyyən olunmuş müddətlərdə ödənilməməsinə görə ödəyiciyə ödənilməmiş vergi məbləğinin faizi hesablanır.
Seminarın sonunda çıxışlar ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti