date saat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində təşkil edilən tədbirlər davam etdirilir. Aprelin 22-də Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin və Naxçıvan Dövlət Universitetinin rektorunun, eləcə də pedeqoji fəaliyyətlə məşğul olan əməkdaşlarının və nazirliyin hamiliyinə verilmiş həmin universitetinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil tələbələrinin iştirakı ilə növbəti tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbov tərəfindən imzalanan bu Sərəncamın əhəmiyyətindən ətraflı bəhs etmişdir. Bildirib ki, bu Sərəncam isitiqamətində görülən işlər imkan verir ki, tələbələr, gənclər elmi biliklərinin yeni yanaşmalarını, yeni fikrlərini, düşüncələrini ortaya çıxarsın. Nazirlik hami təşkilat olaraq Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı sıx əməkdaşlığı edir, hamiliklə əlaqədar bir çox tədbirlər həyata keçirir. Müvafiq ixtisasların hamiliyə verilməsi hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi sahəsində ixtisaslı kadrların keyfiyyətli təhsil alması ilə bərabər, təcrübə və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı şəkildə təsdiq edilən tədbirlər planına müvafiq olaraq hər il universitetin müvafiq ixtisaslar üzrə tələbələr nazirlikdə, yerli qurumlarda və bələdiyyələrdə təcrübə kursları keçir, nazirliyin əməkdaşları tərəfindən xidmət sahələrində görülən işlərlə yaxından tanış edilirlər. Gələcəkdə də bu cür əlaqələrin davam etdirilməsi tələbələrin peşə seçiminə köməklik göstərəcək, ədliyyə orqanlarında qulluq etmək marağını artıracaqdır. Nazir Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə, pedaqoji kollektivə və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbirdə çıxış edərək, nazirliklə universitet arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Naxçıvan Dövlət Universiteti ilə Ədliyyə Nazirliyi arasında qarşılıqlı elmi-pedaqoji fəaliyyət yüksək səviyyədədir. Muxtar respublikada ali təhsil müəssisələrində tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi texniki bazanın möhkəmləndirilməsi, pedaqoji və elmi kadrların yüksək hazırılığına, onların gələcəkdə peşə seçimində mühüm amilə çevrilib. Həyata keçirilən tədbirlər tələbələrin yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsinə, onların nəzəri, praktiki bilik və bacarıqlarının artmasına müsbət təsirini göstərəcəkdir.
Sonra nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri, ekspert qrupunun rəhbəri Səttar Zamanov çıxış edib. Təcrübə kursu müddətində tələbələrin cəlb olunduqları sahələr, tədris olunan mövzular və nazirlik tərəfindən ötən dövr ərzində Sərəncamın icrasına müvafiq keçirilən tədbirlər və “ədliyyə könüllüləri” proqramı istiqamətində yönləndirici layihlər barədə slayd vasitəsilə məlumat verib. Eyni zamanda nazirliyin fəaliyyət istiqamətlərini özündə əks etdirən videolent iştirakçılara təqdim edilib.
Tədbirdə nazirlik tərəfindən universitetin kitabxanasına 14 adda 17 hüquq ədəbiyyatı və 20 ədəd metodik vəsait hədiyyə edilmiş, tələbələri maraqlandıran suallar ətrafında diskusiya aparılmış, onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra rektorun iştirakı ilə tələbələr nazirliyin İcra və probasiya şöbəsində məhkumlar üzərində tətbiq olunan elektron nəzarət vasitələri ilə, Məhkəmə Ekspertizası Mərkəzində isə tədqiqatların aparılması və onların tədqiqi üçün nəzərdə tutulan avadanlıqlarla tanışlıq həyata keçirilmiş, onlara bu qurumların iş fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti