date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “Qrafoloji tədqiqatın aparılmasında ümumi əlamətlər və ümumi üsullar” mövzusunda müəllimlərin və tələbələrin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə universitetin Pedeqoji fakültəsinin dekanı İsmət Həsənov açaraq tədbirin əhəmiyyətindən danışmış, tələbələrin nəzəri biliklərinin artırılmasında bu cür tədbirlərin xüsusi rol oynayacağını qeyd etmişdir.
Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov tədbirdə çıxış edərək mərkəzin yaranması, bu günkü inkişaf səviyyəsi, aparılan ekspertiza növləri və ixtisaslarının hər biri barədə ətraflı məlumat vermişdir.
Sonra mərkəzin Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Əliyev “Yazı və xəttin yaranması, həyatımızda rolu və digər elmlərlə əlaqəsi” mövzusunda çıxış edib. Məruzəçi qrafologiya haqqında ümumi məlumat, yazı və xəttin yaranması, inkişafı, həyatımızdakı rolu və digər elmlərlə əlaqələri barədə, həmçinin hər kəsin gündəlik həyatda mütəmadi olaraq icra etdiyi əlyazmaların xarakter və xüsusiyyətlərini aşkar edən xəttin ümumi, topoqrafik və xüsusi əlamətlərin bir neçə nüansları haqqında məlumat vermiş, apardığı tədqiqatlardan, keçirdiyi eksperimentlərdən əldə etdiyi nəticələrdən nümunələr gətirərək ətraflı izah etmişdir. Bildirilmişdir ki, bəşəriyyətin inkişafı tarixində yüzlərlə əhəmiyyətli kəşflər edilmişdir. Belə əhəmiyyətli kəşflərdən biri də yazıdır. İlk yazı müxtəlif şəkillər və simvollar əsasında formalaşaraq təsvir vasitəsi ilə müəyyən məlumatlar şəklində yazıya köçürülmüşdür. Belə məlumatların yazıya çevrilmə səbəbi nitqi şəkil və simvollarla canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurətindən meydana gəlməsini diqqətə çatdırmışdır. Həmçinin qeyd olunmuşdur ki, yazının başlanğıc dövrü, yəni yaranması heç bir xüsusi plan və ya düşünülmüş qayda-qanun əsasında deyil, tədrici yolla meydana gəlmişdir. Ekspert yazı və xəttin kriminalistika, tibb və s. elm sahələri ilə əlaqəsini vurğulayaraq ətraflı məlumat vermişdir.
Sonda məruzələr ətrafında disskusiya xarakterli sual-cavab aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti