date saat

Hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Ailə institutu da bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir. Çünki hər bir insanın şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Ailə ictimai həyata öz təsirini göstərməklə yanaşı, uşaqların tərbiyəsində, şəxsiyyətin formalaşmasında, humanizm və vətənpərvərlik kimi hisslərin aşılanmasında həlledici amildir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Konstitusiyada göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Sevindirici haldır ki, bu gün ölkəmizdə və muxtar respublikamızda uşaqlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Uşaqların sağlam mühitdə böyüməsi, təhsil alması üçün bütün imkanlar yaradılıb. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə hüququ ictimai münasibətlərin müəyyən növünü, ailə münasibətlərini, yəni nikah faktından əmələ gələn və ailəyə mənsub olan münasibətləri tənzimləyir. Eyni zamanda ailəni quran şəxslərdən hüquq və dövlət himayəsindən düzgün istifadə etməklə ailədaxili məsələlərə məsuliyyətlə yanaşmanı tələb edir.

Çünki ailədəki münasibətlər cəmiyyətdəki münasibətlərin bir hissəsidir. Ailə cəmiyyətin ilkin institutu, müəyyən mənada, kiçik dövlətidir. Ailədə uşaqların böyüməsində və qorunmasında valideynlərin böyük rol oynadığı məlumdur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Onlar uşaqlarla bağlı hüquq və vəzifələrini istədikləri kimi deyil, qanunla müəyyən olunmuş qaydada və istənilən şəraitdə uşaqlarının mənafelərinə uyğun şəkildə həyata keçirməlidirlər. Bundan başqa, valideynlər özbaşına valideynlik hüquqlarının başqa şəxslərə ötürülməsinə dair qərar qəbul edə bilməzlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Ata və ana uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Onlar digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər və uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Qeyd olunanlarla bərabər, uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna da malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Bu vəzifələri yerinə yetirməyən valideyn qanunvericiliklə müəyyən edilmiş qaydadaməsuliyyət daşıyır. Belə ki, uşağın tərbiyəsi ilə bağlı vəzifəsini yerinə yetirməyənlər valideynlik hüquqlarından məhrum edilə və ya onun valideynlik hüququ məhdudlaşdırıla bilər. Ailə Məcəlləsi ilə yanaşı, “Uşaq hüquqları haqqında” Qanunda da qeyd edilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşaqların hüquq və mənafelərini də müdafiə etməlidirlər. Həmçinin uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Bu hüquqları həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Әgər valideynlər arasında bu və ya digər məsələnin həllində fikir müxtəlifliyi əmələ gələrsə, onlardan biri mübahisənin həlli üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və ya məhkəməyə müraciət edə bilərlər. Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın sağlam olması dövlətin və cəmiyyətin sağlam olması deməkdir. Böyüyən hər bir uşaq, eləcə də valideynlərin ailədə formalaşdırdığı dəyər və münasibətlər cəmiyyətə öz təsirini göstərməkdədir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq vətəninə sadiq vətəndaş kimi yetişə bilər. Buna görə də hər bir valideyn övladının hərtərəfli inkişafı üçün öz vəzifəsini layiqincə yerinə yetirməli və gələcəyimiz üçün layiqli vətəndaş yetişdirməlidir.

        İradə Quliyeva

     Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin əməkdaşı

     15 aprel 2022-ci ildə "Şərqin səhəri" qəzetində dərc edilib