date saat
Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin 2022-ci tədris ili üçün birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Aliment öhdəliyinin əsasları” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Seminarda fakültənin pedeqoji heyəti və hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.
Seminarı giriş sözü ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov açaraq tədbirin mahiyyəti barədə məlumat vermiş, təşkil edilən seminarın tələbələrin nəzəri biliklərinin artırılmasındakı əhəmiyyətindən danışıb.
Sonra nazirliyin əməkdaşları Reyhan Sadiqova “Valideynlərin, uşaqların və ər-arvadın aliment öhdəlikləri”, Ələkbər Hüseynov “Aliment sazişi və ailənin başqa üzvlərinin aliment öhdəlikləri”, Murad Nağdəliyev “Alimentin ödənilməsi və tutulması qaydası” mövzularında çıxış ediblər.
Məruzəçilər tərəfindən uşaqların saxlanılması üçün vacib olan aliment öhdəlikləri, aliment sazişi, məhkəmə qaydasında alimentin tutulması qaydası və müvafiq icra hakimiyyəti orqanının yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması sahəsində hüquqları barədə məlumat verilib. Bildirilib ki, aliment ödənilməsi barədə saziş aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Bu saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Vurğulanıb ki, aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan müəssisənin müdriyyəti qətnamənin icra olunduğu yerdə icra məmuruna və aliment alan şəxsə aliment verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur. Göstərilmiş məlumatlar üzürsüz səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Sonda mövzu ətrafında diskusiyalar aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti