date saat
Aprelin 14-də Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə əldə edilməsi ərzaq bolluğunun yaradılmasında mühüm vasitədir” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov açaraq muxtar respublikada yerli özünüidarə orqanlarının səmərəli fəaliyyət göstərməsi və vətəndaşların yerli əhəmiyyətli məsələlərin qanun çərçivəsində yerinə yetirmələri üçün yaradılan əlverişli imkanlar barədə məlumat verib.
Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ əsasında əldə edilməsi ilə bağlı qanunvericiliyin tələbləri və qarşıya qoyulan vəzifələri nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov diqqətə çatdırıb. Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsinin şərtləri, qaydaları və icarə müqaviləsinin müddəaları barədə əsas məqamlara toxunulub. Bələdiyyələr qarşısında qoyulan tələblər haqqında məlumat verilərək bildirilib ki, bələdiyyələr öz əraziləri daxilində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrində ətraf mühitə və başqalarının torpaqlarına zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etməli və öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarının səmərəli istifadəsinə və mühafizəsinə nəzarət etməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov çıxış edərək bildirib ki, ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi ərzaq bolluğunun yaradılmasında mühüm vasitədir. Qeyd olunub ki, əhalisinin əksəriyyətinin kəndlərdə məskunlaşdığı muxtar respublikamızda təsərrüfat sahiblərinə dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, eyni zamanda bələdiyyə torpaqlarından səmərəli istifadə nəticəsində son illərdə kənd yerlərində çoxsaylı ailə təsərrüfatları yaradılmış, bu da öz növbəsində həmin ailələrin rifah halının yüksəldilməsinə və özünüməşğulluğa öz müsbət töhfəsini vermişdir.
Bələdiyyə mülkiyyətinin idarə edilməsi ilə bağlı qanunvericiliyin tələbləri haqqında nazirliyin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov məlumat verib. Bələdiyyələrin öz əmlakına dair mülkiyyətçi hüququ, ondan istifadə və sərəncam vermələri barədə qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Qeyd olunub ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sonra mövzu ilə əlaqədar müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir. Seminarın sonunda bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti