date saat
Martın 18-də Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin nazirlikdə keçdikləri istehsalat təcrübəsinin başa çatması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsil müəssisələrinin müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində nazirliyin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşılır. Nazirlik Naxçıvan Dövlət Universiteti arasında 2021-2022-ci tədris ilində görüləcək işlərə dair təsdiq edilən tədbirlər planına uyğun olaraq 2022-ci ilin fevralın ayının 17-dən başlayaraq hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin 30 gün ərzində nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsi keçmələrini təmin etmişdir. Nazir tələbələrin ədliyyə sahəsində nəzəri və praktiki biliklərinin artırılmasında istehsalat təcrübəsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, gələcəkdə onların öz peşə seçimində ədliyyə sisteminə maraq göstərəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Sonra nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri, ekspert qrupunun rəhbəri Səttar Zamanov çıxış edib. Təcrübə kursu müddətində tələbələrin cəlb olunduqları sahələr və tədris olunan mövzularla bağlı məlumat verib. Bildirib ki, nazirlik tərəfindən hazırlanan istehsalat təcrübəsi proqrama əsasən əvvəlcədən müəyyən edilmiş nazirliyin əməkdaşlarından ibarət məsul şəxslərin iştirakı ilə hüquqşünaslıq ixtisası üzrə tələbələr təcrübə müddətində nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq xidmət sahələri ilə tanış edilmişlər. Onlar aidiyyəti şöbə və bölmələrilə yanaşı tabe qurumların da iş fəaliyyəti ilə yaxından tanış olmuş, gündəlik iş prosesində iştirak etmiş, maraqlandıqları sahələr barədə ətraflı məlumat almışlar.
Qeyd olunub ki, tədris proqramının yekunu olaraq keçirilən mövzular üzrə tələbələrin nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi ilə əlaqədar martın 17-də Gənclər Fondu ilə birgə “Xəmsə” intellektual oyunu təşkil edilmişdir.
Tədbirdə universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquq fənləri kafedrasının müdiri, Elman Abbasov çıxış edərək istehsalat təcrübəsinin tələbələrin bilik və bacarıqlarının artırılmasında və peşə seçimində mühüm əhəmiyyəti barədə məlumat verib. Çıxış edən tələbələr də öz növbəsində istehsalat təcrübəsi müddətində ədliyyə sahəsində əldə etdikləri biliklərə görə nazirliyin rəhbərliyinə və ötən müddət ərzində onları nazirliyin iş prinsipi ilə tanış edən əməkdaşlara minnətdarlıqlarını bildiriblər.
Sonda nazirlik tərəfindən istehsalat təcrübəsi dövründə fəal iştirak etdiklərinə və biliklərin qiymətləndirilməsində göstərdikləri nəticələrə görə tələbələrin bir qismi diplomlarla təltif edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti