date saat

Martın 16-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və  Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi tədbirlər planının icrası ilə əlaqədar Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində seminar keçirilib. “Vərəsəlik hüququ” mövzusunda təşkil edilən seminarda fakültənin pedeqoji heyəti və hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov tədbiri giriş sözü ilə açaraq təşkil edilən seminarın əhəmiyyətini vurğulamış, qarşılıqlı diskusiyaların tələbələrin biliklərinin artırılmasına müsbət təsirini qeyd etmişdir.

Seminarda Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəis müavini əvəzi, I dərəcəli ədliyyə qulluqşusu Ələkbər Hüseynov çıxış edərək vərəsəlik hüququnun mahiyyəti,  qanun üzrə vərəsəlik, vəsiyyət üzrə vərəsəlik haqqında və mirasdan məcburi pay məsələsi barədə məlumat verib. Bildirilib ki,vərəsəlik ölmüş şəxsin əmlakının başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsidir. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər

Vəsiyyət tapşırığı, vəziyyətnamənin dəyişdirilməsi və ya ləğvi, mirasın qəbul edilməsi və onun qəbulundan imtina olunması, mirasın bölüşdürülməsi haqqında Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin baş məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Reyhan Sadiqova  əsas məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib edə bilər və onlar bir-birini tamamlayır və tam əvəz etmədikdə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Vəsiyyət edən əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv etməklə, notariat orqanına ərizə verməklə, yeni vəsiyyətnamə tərtib etməklə vəsiyyətnaməni dəyişdirə və ya ləğv edə bilər. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin baş məsləhətçisi II dərəcəli ədliyyə qulluqçusu Nərminə Əlizadə vəsiyyətnamənin forması, mirasın qorunması və vərəsəlik şəhadətnaməsi üzrə qanunvericilikdən irəli gələn məsələləri diqqətə çatdırıb. Vurğulanıb ki, vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qarşılıqlı diskusiya şəklində cavablandırılmışdır.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti