date saat
Bələdiyyə torpaqları qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla, qalan torpaqlar hesab olunur. Bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququna malikdirlər. Bələdiyyə mülkiyyətində olan torpaqlar hüquqi və fiziki şəxslərə icarə müqaviləsi əsasında əvəzi ödənilməklə müddətli istifadəyə verilə bilər. İcarə müqaviləsində icarəyəverən və icarəçinin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, icarənin müddəti, icarə haqqı, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası, eyni zamanda müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası göstərilməlidir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birlik və təşkilatlar, habelə, xarici dövlətlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər.
Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələrlə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqı onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq normativlər əsasında müəyyənləşdirilir. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyələrin ehtiyat fondunda olan kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız təyinatı üzrə istifadə olunmaq şərti ilə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimaiiaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. İcarəçi müqavilə ilə torpaqdan istifadə etmək hüququ əldə etməklə yanaşı, müəyyən vəzifələr yerinə yetirmək öhdəliklərini də üzərinə götürür. İcarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etməli, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməli, icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamalı, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəməli, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmalıdır.
Әləkbər Hüseynov
Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin
Təşkilat-nəzarət şöbəsinin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu
15 mart 2022-ci ildə "Nuh yurdu" qəzetində dərc edilmişdir