date saat

Demokratik və hüquqi dövlətlərdə insan hüquqlarına hörmət uşaqlara olan münasibətdən başlayır. Çünki uşaqlar dövlətin və cəmiyyətin parlaq gələcəyinin formalaşmasının əsasıdır.  Ölkəmizdə də müstəqillik əldə edildikdən sonra uşaq hüquqlarına xüsusi həssaslıqla yanaşılmış, bu sahədə dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara uyğun olaraq daxili qanunvericilikdə mühüm islahatlar və təkmilləşdirmələr aparılmışdır. Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və digər qanunlar qəbul edilmişdir.

Hər bir dövlətin və cəmiyyətin gələcəyini bu günün uşaqları müəyyən edir. Sağlam cəmiyyətin qurulması üçün həm mənəvi, psixoloji, həm də fiziki cəhətdən sağlam uşaqların olması əsas şərtdir. Uşağın inkişafına təsir edən ən mühüm rol valideynlərə məxsus olsa da  onun inkişafında cəmiyyətin rolu, yəni uşağın böyüdüyü mühitin təsiri də kifayət qədər böyükdür.  Valideynlər müəyyən mənada cəmiyyətin uşağa təsirini tənzimləyən vasitədir. Uşağın hərətərfli inkişafı kollektiv əmək nəticəsində formalaşır. Ətraf mühit də çoxlu keyfiyyətli təcrübələrə sahib olmaq bir çox bacarıqların inkişafına və özünə inamın əldə edilməsinə müəyyən mənada kömək edir. 

Uşaq hüquqlarının təmin olunmasında cəmiyyətin rolu əvəzedilməzdir. Bu təsir uşağın inkişafında mühüm əhəmiyyət kəsb edir. Uşaqlar ətraf mühit, məktəb kollektivi, dostlar və s. ilə əlaqədə böyüyürlər. Yerli adət-ənənələr və insanların ünsiyyət tərzi, yaxın ətraf uşaqların inkişafında mühüm rol oynayır. Buna görə də uşağın düzgün dəyərlərin qiymətləndirildiyi sağlam mühitdə böyüməsi vacibdir.  Uşağın inkişaf edə biləcəyi yüksək keyfiyyətli məkan həm məktəbdə, həm də peşə həyatında sonrakı nailiyyətlərinə böyük təsir göstərir. Uşaqlar qabiliyyətləri çatdığı qədər cəmiyyətin həyatında iştirak etmək, fəal vətəndaş mövqeyi nümayiş etdirmək hüququna malikdirlər. Onların cəmiyyətin və dövlətin ictimai, mədənihəyatında iştirakı bu sahədə Azərbaycan Respublikasının əsas milli sənədi olan “Uşaq hüquqları haqqında” Qanunu ilə tənzimlənir.  Həmin qanunda uşaqların ailədə və cəmiyyətdə olan hüquqları, müdafiəsinin əsasları müəyyənləşdirilmişdir.  Uşağın cəmiyyətdəki hüquqlarına  təhsil almaq, əmək , istirahət, ictimai təşkilatlarda birləşmək, şərəf və ləyaqətinin müdafiəsi, istismardan və zərərli təsirlərdən mühafizəsi və sosial yardımlar almaq hüquqları əsaslandırılmışdır.

Uşaq hüquqları haqqında Konvensiyaya əsasən, azad cəmiyyətdə hər bir uşağın sərbəst yaşamağa hazırlanması məqsədi ilə ən uyğun olan "mühit yaradılmalı, yalnız uşaqların fiziki inkişafına deyil, həmçinin onların zehni, mənəvi, əqli, psixoloji və sosial inkişafına da diqqət yetirilməlidir. Uşaqların hansı yaşda olmasından asılı olmayaraq onlarla hörmət və ləyaqətlə davranılmalıdır. Bu cür davranış onlara müstəqil bir varlıq olma imkanı və  arzu və düşüncələrini ifadə etmələrinə şərait yaradacaqdır. Beləliklə, uşaqlara aid qərar qəbul ediləndə onların arzu və istəkləri vacib bir faktor kimi nəzərə alınacaqdır.

Uşaqlar cinsiyyətindən, etnik mənşəyindən, sosial statusundan, dilindən, yaşından, milliyətindən və ya dinindən asılı olmayaraq eyni hüquqlara malikdirlər. Onların münaqişə, qəddarlıq, istismar və etinasızlıqdan qorunmaq hüquqları, eyni zamanda onlara bir-birlərinə və cəmiyyətə qarşı məsuliyyət tələb edir. Müasir dövrdə uşaqlar inkişaf etməkdə olan texnologiyaların və kommunikasiya vasitələrinin və digər xarici amillərin təsirinə daha çox məruz qalırlar. Bu, onların psixi sağlamlığına təsir edə bilər.  Xüsusilə yeniyetməlik dövrünü yaşayan uşaqlar onlayn zorakılıqla tez-tez qarşılaşır, sosial şəbəkələrin yaratdığı görünməz mühitin təsirinə məruz qalırlar.  Bu cür halların qarşısını almaq üçün uşaqlarla düzgün ünsiyyət qurulmalı, onların yaxın ətrafları, dostları ilə tanış olmalı və lazımi dəstək olmalıdırlar. 

Uşağın vaxtını faydalı şəkildə keçirməsi, digər uşaqlarla ünsiyyət qurması, öz qabiliyyətlərini və ətrafdakı dünyanı öyrənməsi üçün cəmiyyətin təmin etdiyi bütün imkanlardan ən yaxşı şəkildə istifadə edilməlidir. Beləliklə, cəmiyyət hər bir fərdin qayğısına qalmağa öz kollektiv töhfəsini verir. Sağlam, etibarlı, işıqlı gələcək qurmaq naminə gənclərə, yeniyetmələrə və uşaqlara ciddi nəzarət etməli, onların təlim-tərbiyəsi ilə yaxından maraqlanmalıyıq.Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətimizin ən zərif üzvüdür. Onlara göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və zənginliyin rüşeymi kimi qəbul edilir. Ölkəmiz tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması başlıca prinsiplərindəndir.

 

         Nuranə Kərimova

      Ədliyyə Nazirliyinin əməkdaşı

      09 mart 2022-ci ildə "Naxcivanxeberleri.com" saytında dərc edilmişdir