date saat
Ədliyyə Nazirliyi əməkdaşlarının fəaliyyət istiqamətinə uyğun bilik və bacarıqlarının, eyni zamanda peşə səriştəliliyin artırılması nazirlik tərəfindən daim diqqətdə saxlanılır. Bu məqsədlə martın 4-də nazirliyin aparatının əməkdaşları üçün tədris saatı keçirilib.
Nazirliyin Kadrlar bölməsinin rəisi Niyaməddin Əliyev tədris saatının əhəmiyyəti barədə danışıb. Bildirib ki, hər bir ədliyyə əməkdaşının işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri və şəxsi keyfiyyətləri nazirlik tərəfindən daim təhlil edilir və ədliyyə orqanları işçisinin vəzifədə irəli çəkilməsi, yaxud başqa vəzifəyə keçirilməsi zamanı qeyd olunan nüanslar nəzərə alınır. Vurğulanıb ki, bütün əməkdaşlar xidməti vəzifələrini dərindən öyrənməli, qanunvericiliyin müddəalarını mükəmməl öyrənməlidirlər. Fəaliyyət istiqamətinə uyğun icraatında olan hər bir işin icrasına, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssaslıqla yanaşılmalı, kargüzarlıq işi qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.
Tədris saatında əməkdaşların nazirliyin fəaliyyət istiqamətlərinə uyğun çıxışları olmuşdur. Belə ki, Təşkilat-nəzarət şöbəsinin rəis müavini əvəzi Ələkbər Hüseynov şöbənin fəaliyyət istiqamətləri, elektron məhkəmə və elektron icra informasiya sistemlərinin xüsusiyyətləri, İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi Nurşən Allahverdiyeva İcra və probasiya şöbəsinin fəaliyyət istiqamətləri, icra haqqında statistik hesabatların hazırlanması və məhkumun cəmiyyətdən təcrid edilməsi ilə bağlı olmayan cəzaların icrası zamanı probasiya nəzarətinin həyata keçirilməsinin xüsusiyyətləri haqqında məlumat veriblər. Katibliyin böyük məsləhətçisi Xaliq Nəcəfli “Dövlət idarə və müəssisələrində kargüzarlığın aparılması qaydalarına dair təlimatın tələblərini, Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Ramal Qazıyev bələdiyyə aktları üzrə inzibati nəzarətin həyata keçirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın vəzifələri və hüquqları, bələdiyyə idarəetməsinin həyata keçirilməsinin xüsusiyyətlərini diqqətə çatdırmış, Notariat bölməsinin baş məsləhətçisi Nərminə Əlizadə isə “Normativ hüquqi aktların hazırlanması, ekspertizasının xüsusiyyətləri və normativ hüququi aktlar haqqında Konstitusiya Qanununun tətbiqi barədə məlumat verib.
Sonda Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov nazirlik qarşısında qoyulan vəzifələrdən danışmış, hər bir ədliyyə qulluqçusunun öz vəzifə borcunu layiqincə yerinə yetirməklə yanaşı əmək və icra intizamına riayət etməli olduğunu qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti