date saat

Martın 4-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyat sürücüləri üçün “İctimai nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar təşkil edilmişdir.

Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarı Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin Müfəttişlik və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov açaraq yol-nəqliyyat hadisəsi hallarının aradan qaldırılmasında maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Seminarda Mərkəzin Yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov, həmin bölmənin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Azər Abdullayev və  psixoloji ekspertiza bölməsinin eksperti, III dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov çıxış ediblər. Çıxış edənlər yol nəqliyyat hadisələrinin baş vermə səbəbləri, nəqliyyat vasitələrinin istismar qaydaları və  nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsi üsulları məsələlərinə toxunublar.

Qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən hadisələrin əksəriyyəti sürücülərin avtomobili qeyri-normal idarə etməsi və yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verir. Ona görə də sürücülər yol hərəkət qaydaları ilə bağlı biliklərini yenilənməli və təkmilləşdirilməlidirlər. Eyni zamanda nəqliyyat təhlükəsizliyində sürücülərin psixoloji vəziyyətinin, ehtiyatlı davranışının və sürücülük tərzinin təsirindən bəhs edilmiş, onların istənilən halda emosiyaları cilovlamalarının və təmkinli olmalarının vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, sürücülər (xüsusi ilə taksi sürücüləri) davranışlarının piyadalara, digər sürücülərə və özlərinə nə qədər psixoloji təsir göstərə biləcəyini dərk etməli və təhlükəsizlik qaydalarına riayət etməlidirlər.  

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti