date saat

Tarixən ailə, xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi dövlətin milli inkişafında mühüm rol oynayıb. Ölkəmizdə həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Ailə münasibətlərinin hüquqi tənzimlənməsini həyata keçirən, bu münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən Ailə Məcəlləsidir. Ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları Ailə məcəlləsi müəyyən edir. Qeyd edək ki, kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında (qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyində) qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur.

Qanunvercilikdə göstərilir ki, ər-arvadın hüquq və vəzifələri nikah bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Qeyd edək ki, nikah işin hallarından asılı olaraq, həm ləğv edilə, həm də etibarsız sayıla bilər. Nikah etibarsız sayılanda bağlandığı andan olmamış kimi başa düşülür. Yəni, nikahı etibarsız sayılmış şəxs sonradan nikaha daxil olarsa, bu, onun ilk nikahı kimi qeydiyyata alınır. Nikahın etibarsız sayılması şəxsin istəyinə görə deyil, qanunvericilikdə nəzərdə tutulmuş əsaslara görə müəyyən edilir.

Ailə Məcəlləsində nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsi də dəqiq müəyyən edilibdir.  

- Nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu,

-Pozulmamış əvvəlki nikah üzrə ər (arvad),

-Saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir.

Qanunvericilik dövlət təknikahlılıq prinsipindən çıxış edərək tərəflərdən birinin başqa şəxslə dövlət qeydiyyatına alınmış nikahda olduğu halda başqa bir nikahın bağlanmasını qadağan edir, hətta belə nikah bağlanmış olsa belə onun məhkəmə qaydasında etibarsız sayılmasını nəzərdə tutur. Belə ki, təknikahlılıq prinsipinə görə şəxs eyni zamanda dövlət qeydiyyatına alınmış bir nikahda ola bilər.

Ailə Məcəlləsinin müvafiq müddəaları məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir və qeyd olunan halların qarşısının alınması məqsədi daşıyır. Qeyd edək ki, nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.

Ailə Məcəlləsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) məhkəmə qaydasında etibarsız sayılır. Belə ki:

-Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar),

-Övladlığa götürənlər və övladlığa götürülənlər,

-İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər,

-Tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər,

-İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər,

-Nikaha daxil olanlardan biri digərindən zöhrəvi xəstəliyin və ya insanın immunçatışmazlığı virusu xəstəliyinin olmasını o birindən  gizlətdikdə.

Qanunvercilikdə nikahın etibarsız sayılmasını aradan qaldıran  hallar aşağıdakılardır:

-Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.

-Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz.

-Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz.

Nikahın etibarsız sayılmasının nəticələrinə  gəldikdə isə qeyd olunmalıdır ki, nikah etibarsız hesab edildikdə, o, bağlandığı andan etibarsız sayılır. Belə nikah ər-arvadın hüquq və vəzifələrini doğurmur. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Mülki Məcəllənin umumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. Şəxslərin nikah müddətində birgə əldə etdikləri və etibarsız hesab edilən əmlak isə onların ümumi pay mülkiyyəti sayılır və onlar arasında razılaşma ilə bölünə bilər.

Ailə Məcəlləsində qeyd olunur ki, nikahın etibarsız sayılması etibarsız hesab edilmiş nikahda doğulmuş uşaqların, habelə nikahın etibarsız sayıldığı tarixdən 300 gün ərzində doğulmuş uşaqların hüquqlarına  təsir etmir. Bu hallarda uşağın doğum şəhadətnaməsində uşağın atası bu nikahda doğulmuş uşağın anasının həyat yoldaşı kimi qeyd edilir, uşağın soyadı ümumi qaydalarla müəyyən edilir.

Könüllü razılıq əsasında bağlanan nikah qanunvericiliyin qayda  və şərtlərinə uyğun həyata keçiriləndə milli ailə dəyərlərinin və mənafelərinin müdafiəsini daha da möhkəm edir.

           İradə Quliyeva

     Ədliyyə Nazirliyinin əməkdaşı

     03 mart 2022-ci ildə "Nuhcixan.az" saytında dərc edilmişdir