date saat

Martın 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Universitetinin birgə təşkilatçılığı ilə tələbələrin və pedoqoji heyətin iştirakı ilə “Qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyətinin formalaşmasında rolu” mövzusunda maarifləndirici seminar təşkil edilmişdir. 

Seminarda Ədliyyə Nazirliyinin əməkdaşları Həbibə Əliyevanın “Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi”, Reyhan Sadiqovanın “Qeyri-hökumət təşkilatlarının fəaliyyətində qrant müqavilələrinin önəmi”, Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimlinin “Gənclərin hərtərəfli inkişafını təmin etmək üçün qeyri-hökumət təşkilatlarının fəaliyyəti” və “Naxçıvan” Universitetinin müəllimi Emilya Süleymanovanın “Gənclərin vətəndaş cəmiyyətinin formalaşmasında rolu” mövzusunda  çıxışları dinlənilib.

Qeyd olunub ki, cəmiyyətin ictimai-sosial həyatında qeyri-hökumət təşkilatlarının rolu artdıqca onların fəaliyyətinə də diqqət artır. Müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlardan birinə çevrilmişlər. Belə şəraitdə dövlət orqanları ilə qeyri-hökumət sektorunun sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir.

Seminarda vətəndaş cəmiyyətinin mühüm elementi olan qeyri-hökumət təşkilatlarının inkişafında onlarla bağlanan qrant müqavilələrinin əhəmiyyəti, bu sahədə qanunvericiliyin tələbləri izah olunub. Vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüslərinin artırılması, milli maraqların qorunması və sosial əhəmiyyətli problemlərin həllində gənclərin rolu və fəaliyyəti barədə məlumat verilib.

Sonda qarşılıqlı diskusiya aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

            Naxçıvan Muxtar Respublikası

         Ədliyyə Nazirliyinin mətbuat xidməti