date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən nazirliyin 2022-ci ilə dair iş planının icrası ilə əlaqədar aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq fəaliyyəti davam etdirilir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “Məhkəmə-ballistik ekspertizasının tarixi” mövzusunda mühazirə təşkil edilmişdir.
Mühazirəni giriş sözü ilə Polis Məktəbinin rəis müavini, polis mayoru Fariz Nəsirov açaraq Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlığın əhəmiyyəti haqqında məlumat verib. Qeyd olunub ki, ötən mühazirələrdə iştirak edən kursantlar artıq əldə etdikləri bilik və məlumatlardan peşə fəaliyyətlərində yararlanırlar.
Mühazirədə mərkəzin ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski və həmin bölmənin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyevin mövzu ilə əlaqədar məruzələri dinlənilib. Məruzələrdə məhkəmə-ballistik ekspertizasının anlayışı, tədqiqat obyektləri, həll etdiyi məsələlər, barıtın və odlu silahların ixtirası, ilk nümunələri və onların təkamül prosesi haqqında məlumat verilib. Sonra slayd vasitəsilə məhkəmə-ballistik ekspertizasının yaranması və inkişaf tarixi, məhkəmə-ballistikasının bir elm kimi formalaşması zərurəti, ilk ballistik tədqiqatlar, tədqiqatlarda bu gün də istifadə olunan avadanlıqların ixtirası və ilk tətbiqləri, ballistik tədqiqatlar aparılaraq silahların tətbiqi ilə törədilən bəzi cinayət faktlarının açılması və təqsirli şəxslərin ifşa olunması nümunələri izah edilmişdir. Eyni zamanda kursantlara məhkəmə-daktiloskopik ekspertizasının anlayışı, həll etdiyi məsələlər və insan izlərinin tədqiqi barədə qısa məlumat verilmişdir.
Sonda kursantlara məhkəmə-ballistik ekspertizasının tarixi mövzusunda videoçarx nümayiş etdirilmiş və kursantları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti