date saat

Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin 2021-2022-ci tədris ili üçün birgə təsdiq etdikləri tədbirlər planına uyğun olaraq cari ilin fevral-may ayları ərzində tələbələrin nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsinə cəlb edilmələri nəzərdə tutulmuşdur. Fevralın 17-də Ədliyyə Nazirliyində universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq və İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə IV kurs tələbələrinin və pedoqoji heyətin iştirakı ilə istehsalat təcrübəsinin başlanması ilə əlaqədar tədbir keçirilmişdir.

Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov tədbiri giriş sözü ilə açaraq təcrübə kurslarının proqramı haqqında məlumat verib. Qeyd edib ki, davamlı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində naziliyin hamiliyinə verilmiş tələbələrlə tədbirlərin keçirilməsi diqqətdə saxlanılır. Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bir ay, Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alan tələblərin isə üç ay müddətində istehsalat təcrübəsi keçməsi nəzərdə tutulmuşdur.  Nəzərdə tutulan təcrübə kursu ərzində tələbələr nazirliyin aparatında və tabe qurumlarında, eyni zamanda bələdiyyələrdə olaraq bu qurumların gündəlik iş prosesində yaxından iştirak edəcəklər. Onlar nazirliyin fəaliyyət istiqamətlərinə uyğun görülən işlərlə, kargüzarlıq sənədləri və texniki vasitələrlə əyani tanış ediləcək, bələdiyyə fəaliyyəti bağlı müvafiq bələdiyyələrdə olacaq və nazirliyin bələdiyyə arxivi haqqında məlumat əldə edəcəklər.

Tədbirdə universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquq fənləri kafedrasının müdiri, dosent Qəhrəman Behbudov və Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova çıxış ediblər. Tələbələrə təcrübə kurslarının əhəmiyyəti, onların bilik və bacarıqlarının artırılmasında və peşə seçimində mühüm əhəmiyyəti barədə məlumat verilmişdir. Qeyd olunub ki, təcrübə kursu gələcəkdə tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərinin praktiki şəkildə mənimsənilməsində müsbət təsirini göstərəcəkdir.

Tədbirdə tələbələrə cəlb olunacaqları sahələr və tədris olunacaq mövzularla bağlı nazirlik tərəfindən hazırlanan istehsalat təcrübəsi proqramı və “Ədliyyə könülləri” proqramı istiqamətində yönləndirici layihələr barədə  bukletlər paylanılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

         Tədbirdən sonra təcrübə kurslarına start verilmişdir.

 

             Naxçıvan Muxtar Respublikası

        Ədliyyə Nazirliyinin mətbuat xidməti