date saat
Ədliyyə Nazirliyi tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq bələdiyyələrin işinin təşkilinə kömək, onlara metodoloji yardım göstərilməsi istiqamətində ardıcıl tədbirlər görülür və aidiyyəti dövlət orqanları ilə maarifləndirici tədbirlər keçirilir. Təşkil edilən tədbirlərin davamı olaraq fevralın 10-da Ədliyyə Nazirliyinin və Maliyyə Nazirliyinin yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin maliyyəsinin formalaşması və yerli büdcə vəsaitlərindən istifadə olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda Naxçıvan şəhər Qaraçuq Kənd Mərkəzində bələdiyyələr üçün seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Axundov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
“Bələdiyyələrin maliyyəsinin formalaşmasında qanunvericiliklə müəyyən edilən vəzifələr” haqqında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov çıxış edib. Bildirib ki, bələdiyyələrin maliyyə mənbələri fiziki şəxslərin torpaq və əmlak vergilərindən, bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə haqları və sair gəlirlərdən ibarətdir. Bələdiyyələrdə qanunvericiliklə müəyyən edilən ödənişlər qüvvədə olan normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq sənədlər əsasında hesablanmalıdır.
Naxçıvan Şəhər Maliyyə İdarəsinin Xəzinə əməliyyatları sektorunun müdiri Nizaməddin Bağırov “Bələdiyyələrdə maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri və mühasibat uçotunun təşkili” barədə danışıb. Qeyd edilib ki, keyfiyyətli təşkil olunmuş mühasibat uçotu informasiyası bələdiyyələrin bütün əməliyyatlarının fəaliyyətinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.
Ədliyyə Nazirliyinin Qanunvercilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə qərarlarının hazırlanması və qəbul edilməsini tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr”i mövzusunda çıxış etmişdir. Vurğulanıb ki, yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmış və seminar iştirakçılarına “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsait təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti