date saat

Günümüzdə sosial media həyatın ayrılmaz bir hissəsinə çevrilib. Son dövrlərdə uşaqlar və yeniyetmələr sosial mediadan əylənmək, dostluq etmək, maraqlarını bölüşmək, şəxsi inkişaf və tanışlıq məqsədilə istifadə edirlər. Sosial medianın tərkibinə daxil olan proqramlar, oyunlar, vebsaytlar və digər öyrənmə mühitləri hətta kiçik uşaqların da bu platformalardan istifadə etmələrinə imkan yaradır. Ona görə də uşaqlarının istifadə etdiyi sosial mediadan xəbərdar olmaq valideynlər üçün əhəmiyyətlidir.  Sosial mediadan məsuliyyətlə, hörmətlə və təhlükəsiz şəkildə istifadə edərək ondan faydalanmaq mümkündür. İstifadə qaydasından asılı olaraq sosial media və internet uşaqların xarakterlərinin formalaşmasında və həyat tərzlərində öz müsbət və mənfi təsirlərini göstərir.  

Sosial media və internet istifadəsinin müsbət xüsusiyyətlərindən danışarkən ilk öncə uşaqlarda texniki bacarıqların formalaşmasına kömək etdiyini vurğulamaq lazımdır. Sosial mediadan istifadə etməklə uşaqlar sosiallaşmaq, yaradıcılıq qabiliyyətlərini aşkarlamaq, özlərini sərbəst şəkildə ifadə etmək və daha geniş auditoriya ilə qarşılıqlı əlaqədə olmaq imkanına sahib olurlar. Sosial media və internet öyrənmək üçün yeni üsul, yeni yanaşma forması təqdim edir, zamanla uşaqların öyrənmə tərzini də dəyişir. Öyrənmə mənbəyi indi yalnız məktəb və müəllimləri, yaxud  valideynləri olmur. Artıq uşaqlar internetdə olan hazır materiallardan, öyrənmə proqramlarından, onlayn kurslardan və s. metodlardan istifadə edirlər. Onlar sosial mediada qarşılıqlı əlaqədə olaraq bir-birlərinə rəy verməklə öyrənmə prosesini təkmilləşdirirlər. Sosial medianın insanları daha empatik, diqqətli və münasibət yönümlü etdiyi müşahidə edilmişdir. Dostları tərəfindən yerləşdirilən şəkilləri, videoları və ya status yeniləmələrini şərh edərək və ya bəyənərək hisslərini ifadə edirlər.  Sosial media onların əhval-ruhiyyəsini yaxşılaşdırır və problemlərin həlli yollarını tapmağa kömək edir.

Sosial media uşaqlara dünyanın hər yerindən olan insanlarla ünsiyyət qurmağa imkan verir, onları başqa cür qarşılaşa bilməyəcəkləri mədəni sferalarla tanış edir. Bu, onlara həyatı və ümumilikdə insanları daha geniş baxış pəncərəsindən görməyə kömək edir. Müasir dövrdə uşaqlar və yeniyetmələr də dünyada və cəmiyyətdə baş verən hadisələrdən xəbərdar olmağı xoşlayır və sosial mediada izləmək üçün bir neçə xəbər hesabı ilə məlumat əldə edirlər. Sosial media uşaqlara qısa və maraqlı xəbərləri çatdırmaq üçün güclü vasitəyə çevrilib. Bu, onların ümumi biliklərini genişləndirməyə kömək edir və dünyada baş verən ən son hadisələrlə tanış edir.

Sosial medianın müsbət tərəfləri ilə yanaşı mənfi cəhətləri də var. İlk öncə qeyd etmək lazımdır ki, sosial media güclü şəkildə asılılıq yaradır. Sosial mediaya aludə olan uşaqlar və yeniyetmələr hər gün saatlarla vaxt sərf edərək, izlədikləri hesablarda yerləşdirilən videolara, fotolara və digər məzmunlara baxırlar. Bu asılılıq dərs, idman, təhsil və gündəlik digər fəaliyyətləri pozur. 

Psixoloqlar tərəfindən aparılan uzunmüddətli müşahidələrə əsasən sosial mediadan çox istifadə uşaqların psixi sağlamlığına mənfi təsirini göstərir. Araşdırmalara əsasən gündə üç saatdan çox sosial mediada vaxt keçirən uşaqlar iki dəfə daha çox psixi sağlamlıqdan əziyyət çəkirlər. 

Bəzi hallarda virtual münasibətlər həm də uşaqlarda və yeniyetmələrdə real həyatdakı münasibətləri və sosial bacarıqları pozur. Bu, onların vizual işarələri, mimika və jestlərini oxumağı öyrənmədən böyüdükləri üçün baş verir. Sosial qarşılıqlı əlaqə digər insanların əhval-ruhiyyəsini və duyğularını anlamaq üçün lazım olan bacarıqları inkişaf etdirmək üçün çox vacibdir. Beləliklə, daha çox sosial media ilə qarşılıqlı əlaqədə böyüyən uşaqlar real ünsiyyətdə çətinlik çəkirlər. Sosial mediada sonsuz yeniliklər və selfilər yerləşdirmək gənclərdə narsissizmi artırır. Onların əhval-ruhiyyəsi fotoşəkillərinin sosial mediada necə qiymətləndirilməsindən asılı olur və gözlədikləri diqqəti görmədikdə narahat olurlar. Öz səhifələrinin olması uşaqları daha çox eqoist edir. Bəzi həssas uşaqlar sonra hər şeyin onların ətrafında döndüyü anlayışı altında yaşayırlar. Onlar dostları və ya ailə ilə səmərəli və əyləncəli vaxt keçirərkən yaşananların həqiqi hissini əldən verərək mükəmməl fotoşəkillər üçün yaşayırlar. Uşaqlar üçün sosial şəbəkə saytlarının digər təhlükələrinə kibercinayətkarlıq və kiber zorakılıq da daxildir. Sosial media platformalarında təhdid mesajları və ya müəyyən bir şəxsə yönəlmiş təhqiredici məzmunlu zorakılıq hallarına da rast gəlinir. Beləliklə, kiçik uşaqlar da onlara zərər vermək niyyətində olan yırtıcı şəxslərin təqib hədəfinə çevrilə bilərlər.

Bütün müsbət və mənfi xüsusiyyətləri ilə sosial media və internet günü-gündən funksionallaşır, istifadəsi təlabat halına çevrilir. Ona görə də sosial media və internet istifadəsi zamanı hər zaman təhlükə və riskin olmağı nəzərə alınmalı, bu barədə uşaqlara ətraflı məlumat verilməlidir. Valideynlər sosial mediadan istifadə qaydalarına riayət etməklə övladları üçün müsbət rol modeli yarada bilərlər. Bununla da onlara sosial media risklərinin idarə edilməsi və sosial mediada hörmətlə davranmağı öyrətmək fürsəti yaranmış olar.  

Valideynlər uşaqlarının sosial mediadan və internetdən istifadə edərkən diqqətli olmalarına və bu platformaların müsbət xüsusiyyətlərini mənimsəmələrinə kömək edə bilərlər. Belə ki, ilk öncə sosial şəbəkə saytlarının uşaqlara təsirini araşdırmaq və onlara bunun müsbət və mənfi cəhətləri haqqında məlumat verməklə başlaya bilərlər. Daha sonra ailədə sosial media və internetdən istifadə qaydaları müəyyən edilməli, evdə ekransız ərazilər və onlayn davranışın normal olduğu mühit yaradılmalıdır. Uşaqların hansı saytlarda və nə qədər müddətə ola biləcəyinə dair konkret sərhədlər müəyyən edilməli, internetdən istifadə olunan məzmun və sosial mediadakı dostluqlar nəzarətdə saxlanılmalıdır. Uşaqlara onlayn şəbəkədə dostluq qurmaqdan daha vacib insanlarla real həyatda ünsiyyət qurmağın əhəmiyyəti izah edilməli, onlara real həyatda dostluq fəaliyyətlərdə daha çox vaxt keçirməyin vacibliyi öyrədilməlidir. İzah olunmalıdır ki, şəxsi məlumatlarını paylaşarkən diqqətli olmalı şəxsiyyətlərini müəyyənləşdirən məlumatları tanımadıqları insanlara verməməli, şəkillər göndərməməli və şəkil yerləşdirərkən mütləq ehtiyatlı olmalıdırlar. Onlayn alış-veriş edərkən onların nüfuzlu alış-veriş saytlarından istifadə etmələri, müştəri rəylərini yoxlamaları və saytın istifadə etdiyi əməliyyat və təhlükəsizlik proqramlarına nəzər salmaları nəzarətdə saxlanılmalıdır.

Davamlı olaraq sosial medianın uşaqlara pis təsiri haqqında məlumat vermək əvəzinə, onların digər maraqlarını və ya ehtiyaclarına diqqət edilməlidir. Bu təhsil, musiqi, idman və digər sosial fəaliyyət və ya virtual olmayan hər hansı məşğuliyyət ola bilər. Valideynlər onlara kifayət qədər azadlıq verməli, lakin onların onlayn vərdişlərindən xəbərdar olmalıdırlar. 

Demək olar ki, hər şeydə olduğu kimi, zaman və tendensiyalarla ayaqlaşmaq üçün sosial mediadan orta dərəcədə istifadə edilməlidir. Nəticə etibarilə hər bir uşağın fərdi, özünəməxsus psixologiyası nəzərə alınaraq vurğulamaq lazımdır ki, sosial mediadan istifadə bəzi uşaqlarda müsbət halın formalaşmasına şərait yaratdığı halda başqasında mənfi xüsusiyyətləri aşılaya bilər. Valideynlər uşaqlarının psixologiyasını nəzərə alaraq daim müşahidə aparmalı, övladı üçün doğru olduğu qədər sosial media və internetdən istifadəsinə icazə verməlidir. Bütün valideynlər istənilən halda həmişə övladları üçün ən yaxşısını istəməklə, onları ən pisdən də qorumağa çalışırlar. Ona görə də valideynlər sosial mediadan və digər internet resurslarından istifadə edərkən uşaqları üçün nümunə olduqlarını unutmamalı, onlara seçim etməkdə kömək etməlidirlər. Bütün bunları edərkən qadağalar və məhdudiyyətlər, eləcə də icazələr müəyyən çərçivədə olmalıdır.

 

        Nuranə Kərimova

     Ədliyyə Nazirliyinin əməkdaşı

    09 fevral 2022-ci il tarixdə "Naxcivanxeberleri.com" saytında dəc edilmişdir