date saat

Fevralın 5-də Ədliyyə Nazirliyinin 2022-ci ilə dair iş planının icrası istiqamətində görülən tədbirlər çərçivəsində nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşlarının kargüzarlıq və peşəkarlıq səviyyələrinin artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlik tədris saatı təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə nazirliyin Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev açaraq bu sahədə mövcud qanunvericiliyin tələblərini iştirakçıların diqqətə çatdırmışdır. Bildirib ki, hər bir əməkdaş onlara həvalə olunan vəzifələrin və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmalı, peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün daim öz üzərində çalışmalıdır. Nazirlik ekspertlərin peşə biliklərinin artırılması məsələsini daim diqqətdə saxlayır və bu məqsədlə mütəmadi olaraq ekspertlərin peşə kurslarına cəlb edilməsi istiqamətində işlər görür.

Kadrlar bölməsinin baş məsləhətçisi ikinci dərəcəli ədliyyə qulluqçusu Asət Mirzəyev “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın tələblərini iştirakçıların diqqətinə çatdırmış, sənədlərin dövriyyəsinin təşkili və kargüzarlıq xidmətinin əsas vəzifələri barədə ətraflı məlumat vermişdir.

Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizaları bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev, Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Emin Əliyev və Yol-nəqliyyat hadisələri bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Azər Abdullayev fəaliyyət göstərdikləri ekspertiza sahələri üzrə məlumat vermişlər.

Çıxış edənlər tərəfindən tədqiqatların aparılmasında tərtib olunan ekspert rəylərinin vaxtında və tələblərə düzgün əməl olunması, məhkəmə ekspertizasının aparılmasının icra müddətləri, prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi izah olunmuşdur. Həmçinin, məhkəmə ekspertizasının aparılmasından imtina hallarının ekspertizaların aparılmasının təşkili haqqında təlimata uyğun olmasının vacib şərtləri barədə ətraflı məlumat verilmişdir.

Sonda mövzu ətrafında diskusiya aparılmış, verilən suallara aydınlıq gətirilmişdir.

 

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti