date saat

"Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində olublar.

Muzeyin bələdçisi tərəfindən əməkdaşlara muzeyin tarixi inkişafı və fəaliyyəti barədə ətraflı  məlumat verilib. Qeyd olunub ki, muzey 1998-ci ildə yaradılmışdır və hazırda  muzeydə 320-dən artıq xalça nümayiş etdirilir. Nümunələrin qorunması üçün müasir standartlara uyğun şərait yaradılıb. Burada xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri saxlanılır. Muzeydə Naxçıvan qrupuna aid 120 xalça nümayiş etdirilir.

Eyni zamanda "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub. Muzeyin  daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. Qeyd edək ki, muzeydə toxucu tərəfindən dəzgahlarda xalça toxunması sənətinin əyani surətdə nümayiş etdirilməsi ziyarətçilərin xüsusi marağına səbəb olur.

Sonra nazirliyin kollektivi tərəfindən muzeyə baxış keçirilib. Əməkdaşlar Naxçıvan Dövlət Xalça Muzeyinin zəngin kolleksiyası ilə yaxından tanış olublar.

 

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti