date saat
Məhkəmə və digər orqanların qərarlarının vaxtında təmin olunması və icrası çətinlik çəkən işlərin həlli istiqamətində nazirliyin əməkdaşları tərəfindən ötən illərdə həyata keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir yanvarın 28-də Şərur Rayon İcra və Probasiya Şöbəsində keçirilmişdir.
Tədbirdə rayon şöbəsinin icraatında olan aliment və pul tələblərinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, onlara qanunvericiliyin tələbləri izah olunmuşdur. Qeyd olunmuşdur ki, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmə inzibati və cinayət məsuliyyəti yaradır.
İcradan yayınan borclu şəxslərin diqqətinə çatdırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti