date saat
Uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında və ümumiyyətlə sağlam və xoşbəxt gələcəyində ailənin rolu danılmazdır. Çünki ailə uşağın kömək və dəstək yeridir. Bundan savayı, uşaq ailə daxilində insani münasibətləri mənimsəyir və cəmiyyətin gələcək üzvü kimi formalaşır.
Konstitusiyamızda göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Ailə Məcəlləsinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququ vardır. Uşaq, həmçinin öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
Məlum olduğu kimi ailə kişi ilə qadının yaratdığı könüllü ittifaqdır. Bu səbəbdən də tərəflərdən biri ailə münasibətlərini davam etdirmək istəmədikdə nikah pozula bilər. Bu zaman uşağın hansı valideynlə birgə yaşaması məsələsi ortaya çıxır. Belə ki, nikah pozulduqdan sonra uşaqlar valideynin birindən ayrı yaşamağa məcbur olurlar və təcrübə göstərir ki, belə hallarda uşaqlar daha çox ana ilə yaşayır. Bu cür halların yaranması isə uşaqla ünsiyyət hüququnun tənzimlənməsi məsələsini zəruri edir.
Qeyd edək ki, milli qanunvericiliyə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.Qanunvericilikdə xüsusilə qeyd olunur ki, uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.Bununla bərabər göstərilir ki, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə qaydasında həll edilir və məhkəmə qərar qəbul edərkən, həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
Azərbaycan Respublikasının qanunvericiliyi uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Uşaqla ünsiyyətdə olma vaxtı müəyyən edilərkən ailədə neçə uşağın olması, onların yaşı, bağçaya, yaxud məktəbə gedib-getməməsi, səhhəti, hansı valideynə daha çox bağlılığı, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınır. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin.
Qanunvericilik nəinki uşağın valideynlərlə, həmçinin babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququnu da nəzərdə tutur. Valideynlərin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Belə ki, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Qeyd edək ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyəti müxtəlif formalarla -yazışma, şəxsi görüşlər, telefon danışıqları və s. vasitələrlə həyata keçirilə bilər. Bu hallarda uşağın yaşı, onun və valideynin yaşayış yeri və sair hallar nəzərə alınır.Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşağın öz valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Qeyd olunanlarla yanaşı, uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə ola bilər. Uşaqdan ayrı yaşayan valideynin isə öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququ da vardır.
Valideyn-uşaq münasibətləri, eləcə də uşaqla ünsiyyətin qurulması uşağın həyatında əhəmiyyətli rol oynayır və onun həyatının bütün sahələrinə-psixi sağlamlığından tutmuş dərslərindəki uğurlara və gələcəkdə münasibətlərin qurulmasına da təsir göstərə bilir. Bu halda uşaqla düzgün davranış və ünsiyyət hallarının qurulması önəmlidir. Bütün bu halları nəzərə alaraq hər bir valideyn üzərinə qanunla qoyulmuş vəzifələrin məsuliyyətini anlamalı və uşaqların qanuni mənafelərini üstün tutmalıdırlar.
İradə Quliyeva
Ədliyyə Nazirliyinin əməkdaşı
11 yanvar 2022-ci ildə "Nuhçixan.az" saytında dərc olunmuşdur