date saat

Qarşıdan gələn bayramlar ərəfəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və İnzibati Məhkəmənin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Şərur rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb, onlara bayram sovqatları aparmışlar.

Görüş zamanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov hərbi hissənin kollektivini qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, əsgərlərə xoş arzularını çatdırmışdır. Nazir vurğulayıb ki,  həmrəylik həyatımızın bütün sahələrində vacib əhəmiyyətə malikdir, xüsusi ilə də hərbiçilərimiz üçün mənəvi dayaq və əzmdir. Azərbaycan əsgəri və Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, həmrəy olaraq ötən il şanlı qələbə qazanılmış, torpaqlarımız işğaldan azad olunmuşdur.  Bu qələbə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisidir.

Ulu öndərimiz Heydər ­Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün Azər­baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ­tərəfindən uğurla davam etdirilir. Ölkədə aparılan ordu quruculuğu siyasəti muxtar respublikamızda da uğurla davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunub, maddi-texniki baza təkmilləşdirilmişdir. Muxtar respublika ərazisindəki hərbi hissələrdə əsgərlərin məişət şəraiti, qidalanması və sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında da ordu və xalq arasında olan birlik yüksək səviyyədədir. Əsgərlərə sovqat aparılması ənənəsi xalq-ordu birliyinin möhkəm təməllərə əsaslandığının göstəricisidir.

Hərbi hissənin əsgərləri onlarla görüşə gəldiklərinə görə qonaqlara minnətdarlıqlarını bildirmişlər. Gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla da görüşmüşdür. Nazir qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə onları təbrik edib. Qeyd edib ki, bu gün dövlətimiz cəzaçəkmə müəssisələrində cəza çəkən insanları da diqqətdən kənarda saxlamır. Muxtar respublikada məhkumların saxlanma şəraiti, qidalanması, tibbi təminatı, sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. Məhkumların hüquq və azadlıqlarının təmin olunması, gündəlik təminatının yaxşılaşdırılması, peşə vərdişlərinə yiyələnməsi  üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Daha sonra gətirilmiş bayram sovqatı məhkumlara təqdim edilib.

   

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti