date saat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları hamiliyə verilmiş Naxçıvan Dövlət Texniki Kollecinin bələdiyyə işi ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər.

Görüş zamanı kollecin direktoru Asəf Ruşanov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı təhsil müəssisələri ilə dövlət orqanları arasında əməkdaşlığın yaradılması, bilikli və  dünyagörüşlü kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncama uyğun olaraq qarşıya qoyulan vəzifələrin birgə həyata keçirilməsi məqsədilə Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Texniki Kolleci arasında  2021-2022-ci tədris ili üçün birgə tədbirlər planı imzalanıb. Tədbirlər planında nəzərdə tutulan işlərin icrası yerinə yetirilir. Artıq birgə görülən işlərin nəticəsi olaraq qeyd edilən ixtisas üzrə təhsil alan tələbələr üçün fənn kabinəsinin yaradılması təmin edilmişdir.

Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov bildirib ki, məlum Sərəncamla nazirlik qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi diqqətdə saxlanılır. Nazirliyin hamiliyə verilmiş müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşlər keçirilir, onlara nazirliyin və bələdiyyə orqanlarının gündəlik iş prosesi ilə yerində tanış olmaları üçün şərait yaradılır. Bütün tədbirlərin keçirilməsində məqsəd tələbələrin gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına və praktiki iş qabiliyyətinə yiyələnməsinə xidmət edir. Bu gün  tələbələrin istifadəsi üçün 1 xəritə, bələdiyyə fəaliyyətinə dair 25 adda kitab və metodiki vəsait fənn kabinəsinə təqdim edilmişdir. Gələcəkdə kollecdə açıq dərslərin keçirilməsi və mühazirələrin oxunması da nəzərdə tutulur.

Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov qeyd edib ki, nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq nazirlik bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bələdiyyə orqanları isə qəbul etdikləri qərarların bir surətini qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün nazirliyə təqdim edirlər.

Görüşdə bələdiyyə orqanlarının fəaliyyəti və qanunvericiliyin tələbləri əsasında nazirliklə bələdiyyə orqanları arasında əlaqələr barədə ətraflı məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyınin mətbuat xidməti