date saat

Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar təşkil edilmişdir. Nazirliyin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2021-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planının icrası ilə əlaqədar təşkil edilmiş seminarı giriş sözü ilə Notariat bölməsinin rəisi Zülfü İsmayılov açaraq mövzunun aktuallığı barədə danışmışdır. Bu sahəyə göstərilən dövlət qayğısından bəhs edərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülmüş zəruri tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilmişdir. Nəticədə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin olması, onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov “Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hüquqi aspektləri” mövzusunda çıxış edərək qeyri-hökümət təşkilatlarının fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətində hüquqi aspektlər mühüm rol oynayır. Qeyri-hökümət təşkilatları hökumətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətəndaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkəsidir. Onların bütün fəaliyyəti bilavasitə hüquq çərçivəsində və QHT-lərin nizamnamələri ilə tənzimlənir.

Seminarda nazirliyin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva “Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliklə müəyyən edilən tələblər” və baş məsləhətçisi Reyhan Sadiqova  “Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir tələblər üçün qurulmasında həyata keçirilən tədbirlər” mövzularında çıxış etmişlər. Vurğulanıb ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin canlanmasında, onların səmərəli işləmələrinə müsbət təsir göstərən hüquqi bazanın formalaşması mühüm rol oynamışdır. Bu sahənin formalaşması və inkişafı ilə bağlı qəbul edilmiş qanunvericilik aktları bu qurumların hərtərəfli fəaliyyətinə zəmin yaratmışdır. İldən-ilə müxtəlif layihələrlə müraciət edən QHT-lərin sayının artması və dövlət tərəfindən maliyyələşdirilən layihələrin çoxalması dövlətlə vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı etimadın möhkəmlənməsinin və səmərəli tərəfdaşlığın inkişafının təzahürü kimi qiymətləndirilməlidir.

Sonda mövzu ilə yanaşı onların ayrı-ayrılıqda maraqlandıqları mövzular ətrafında müzakirələr aparılmışdır.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti