date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi tədbirlər planının icrası ilə əlaqədar tədbirlər davam etdirilir. Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsində tələbələrin iştirakı ilə “Gənclərin qrafologiya məktəbi” layihəsi çərçivəsində “Əlyazma mətnlərin topoqrafik əlamətlərinə görə yazı icraçısının xarakter və xüsusiyyətlərinin müəyyən olunmasının metodları” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi əvəzi I dərəcəli ədliyyə qulluqçusu Emin Əliyev tələbələrə keçirilən təlimin əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Qeyd edilib ki, cəmiyyətin tərəqqisində xüsusi rol oynamış kəşflərdən ən böyüyü yazıdır. Hər bir xalq mədəniyyətin müəyyən mərhələsində yazının fərdiliyini aşkar etmiş və bunun üçün hər bir şəxsin əlyazmasının yalnız ona məxsus olan xüsusiyyətləri haqda anlayışı ifadə edən xüsusi termin yaratmışdır. Qeyd etmişdir ki, hər bir şəxsin əl və barmaq izləri təkrarolunmaz olduğu kimi əlyazması da nadir və təkrarolunmazdır.
Təlimçi əlyazmaların yaranma tarixindən, qrafologiyanın inkişaf mərhələlərindən, eyni zamanda qrafologiyanın əlyazma mətnə görə onu icra edən şəxsin fərdi keyfiyyətlərini öyrənən tədqiqat metodu haqqında məlumat vermişdir.
Mövzular slayd vasitəsilə tələbələrə təqdim olunmuş, topoqrafik əlamətləri tələbələrin necə mənimsədiklərini yoxlamaq məqsədi ilə praktik məşğələlər təşkil edilmiş, növbəti təlim üçün isə müxtəlif peşə sahələrində çalışan şəxslərin əlyazmaları xəttin yararlılıq qaydaları pozulmamaq şərti ilə toplanıb tədqiqat aparılması tapşırığı verilmişdir. Təlimin məqsədi tələbələrin elmə, biliyə həvəslərini artırmaq məqsədi ilə qrafologi tədqiqatların aparılmasında topoqrafik əlamətlərin tətbiqində bilik, bacarıq və bu istiqamətdəki vərdişlərə yiyələnmələrini təmin etmək olmuşdur.
Təlim zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti