date saat

Müasir qloballaşmanın əhəmiyyətli dəyişikliklərindən hesab olunan rəqəmsal texnologiyaların insanların həyatına daxil olması, mühüm yeniliklərdəndir. Günümüzdə işlərin çevik və sürətli aparılmasında, eyni zamanda elm və təhsilin inkişafında rəqəmsal texnologiyaların əhəmiyyəti hər kəsə məlumdur. Ən önəmlisi isə hazırda pandemiya dövründə tətbiq olunan xüsusi karantin rejimində bir sıra ünsiyyət əlaqələrinin virtual müstəviyə keçməsi, informasiya ehtiyatlarını əhalinin sağlamlığının qorunmasında mühüm vasitələrdən birinə çevirir. Lakin təəssüflə qeyd etməliyik ki, hər kəsin rahatlığına müsbət təsir edən bu texnoloji yeniliklər bəzən kriminal niyyətlərin törədilməsində də bir vasitəyə çevrilə bilir. Hüquqazidd davranışlarını virtual müstəvidə həyata keçməsini daha asan hesab edən şəxslər bu imkandan istifadə etməklə dövlətin və cəmiyyətin mənafelərinə ciddi ziyan vururlar.

Bəhs olunan mövzu informasiya texnologiyalarından sui-istifadə etməklə törədilən və məzmun baxımından şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına qəsd edən qanunazidd əməllərin yaratdığı məsuliyyətlə bağlıdır. Virtual məkanda sərhədlərin olmadığını nəzərə alsaq, hüquqazidd əməllərin miqyasını təsəvvür etmək elə də çətin olmaz. Son zamanlar bank hesabları, eləcə də plastik kartlar ilə bağlı fırıldaqçılıq hallarına rast gəlinir. Fırıldaqçılar bir çox “metodlardan” istifadə etməklə vətəndaşların plastik kartlarını və ya ona dair məlumatları ələ keçirə bilərlər. Bunun üçün öncə kartla bağlı həyata keçirilən bütün əməliyyatlar gizli şəkildə öyrənilməyə çalışılır. Vətəndaşa “kömək” təklifi və ya onu gizlicə izləməklə, bankomatlara quraşdırılan xüsusi klaviatura təkrarlayan qurğunun köməyilə kart məlumatları oğurlana bilər. Plastik kart fiziki təmasla ələ keçirilə bilməsə də, ona dair məlumatların əldə edilməsi, hesabdan nağdsız yolla xərcləmə, həmçinin hesabda olan məbləğin başqa hesablara köçürülməsi mümkündür. Eləcə də mobil telefona gələn zəngə “bank xidmətləri” ilə bağlı verilən sualların cavablandırılması, onlayn alış-veriş zamanı, e-mail ünvana və ya sosial şəbəkə istifadəçilərinin hesablarına daxil olan naməlum linklərə daxil olunması ilə bank hesabları və ya plastik kart məlumatları ələ keçirilə bilir. Ona görə mütəxəssislər tövsiyə edir ki, kimliyindən asılı olmayaraq bank kartı səsli və ya yazılı şəkildə heç kimə göndərilməməlidir. Ən vacibi isə heç vaxt pin-kodu plastik kartın üzərinə yazmamalı və kartla yanaşı saxlanılmamalıdır. İnternet istifadəçilərinin hüquqazidd davranışları bəzən cinayət tərkibi yaradan əməllərin törədilməsinə səbəb olur. Vətəndaşları aldatmaqla və ya onların etibarından sui-istifadə etməklə asan yolla qazanc əldə etməyə çalışan şəxslərin məsuliyyəti Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən müəyyən edilir. Çünki həmin maddənin tələbinə görə etibardan sui-istifadə etməklə və ya aldatmaq yolu ilə özgənin pul və əmlakının ələ keçirilməsi cinayət məsuliyyəti yaradır və sərt cəza təhdidi ilə qadağan edilir. Belə ki, həmin əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Günümüzün cəmiyyətdə narahatçılıq doğuran aktual məsələlərindən biri də saxta profil və ya hesablarla hüquqazidd davranışların baş verməsidir. Fərdi və bir çox başqa məlumatların da paylaşıldığı virtual mühitdə sosial şəbəkə istifadəçilərinə ziyan vurmaq kriminal niyyətlişəxslərin diqqətindən yayınmır. Belə ki, həmin məlumatlara yönələn təhdidlər bir çox hallarda saxta profil istifadəçiləri tərəfindən həyata keçirilir. Sosial şəbəkələrdən zərərli məqsədlər üçün istifadə edilməsinin səbəblərindən biri bu platformaların kütləvi istifadəçilərə malik olmasıdır. Zərərli məqsədlərini həyata keçirməyə çalışan istifadəçilərsaxta hesablar yaradaraq zərərli kodların yerləşdirdiyi reklamları sosial şəbəkədə yaymaq, insanları manipulyasiya etmək,saxta xəbər yaymaq, kimisə gözdən salmaq və ya nüfuz qazandırmaq, böhtan atmaq və ya təhqir etməklə bir sıra bu kimi yeni təhdid növlərindən istifadə edirlər.Bəzi hallarda sosial şəbəkələrdə tanınmış şəxslərin adından yaradılan saxta profillərdən onların adından saxta paylaşımlar edilir və müxtəlifsaytların ünvanları ödənişli reklam edilməklə paylaşılır. Həmin ünvanlara daxil olduqda isə reklam saytlarına yönəldilir və daxil olmaq üçün qeydiyyat və kart məlumatları istənilir. Bu yolla məlumatlarını daxil edən istifadəçilərin kart məlumatlarının oğurlanmasına cəhdlər olunur. Yuxarıda qeyd edilən təhdid növlərindən, böhtan atma və ya təhqir etmə saxta hesablar vasitəsilə törədilərsə, həmin şəxslərin hərəkətləri Cinayət Məcəlləsinin 148-1-ci maddəsinin tərkibini yaratmış olur. Qeyrietik davranışları ilə insanların şərəf və ləyaqətini alçaltmağa çalışan təqsirkar şəxslər saxta profil və ya hesabdan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atmağa və ya təhqir etməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digərşəxsə aidməlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmışistifadəçi adlar, profil və ya hesablar başa düşülür. Artıq qeyd edildiyi kimi, elmi-texniki tərəqqi bəzi hallarda neqativ ictimai təzahürlərlə, xüsusilə bir sıra cinayətlərlə müşayiət olunur. Həmin cinayət növlərindən biri də kompüterlə törədilən kibercinayətdir. Kibercinayətkarlıq dedikdə, kompüter sistemi və ya şəbəkəsinin köməyilə həmin sistem və ya şəbəkə çərçivəsində, yaxud kompüter sistemi və ya şəbəkəsi əleyhinə törədilə bilən istənilən cinayət başa düşülür. Cinayət Məcəlləsində Kibercinayətlər ayrıca fəsil olaraq (otuzuncu fəsil) nəzərdə tutulmuşdur. Kompüter sisteminə qanunsuz daxil olmağa, kompüter məlumatlarını qanunsuz ələ keçirməyə, kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxiləyə, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsinə və kompüter məlumatlarının saxtalaşdırılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin cinayət əməllərini törədən şəxslər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Kompüter sistemləri, şəbəkə və proqramlarının, habelə internetin fəaliyyətilə əlaqədar meydana çıxan ictimai münasibətlərin effektli şəkildə tənzimlənməsi və tətbiqi olduqca mühüm əhəmiyyət kəsb edir. Kibercinayətlərin qlobal təhlükəliliyini və ona qarşı effektiv mübarizəni təmin etmək üçün Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Konvensiyalara qoşulan üzv dövlətlər müvafiq sazişlərə uyğun olaraq kompüter informasiyası sahəsində cinayətlərin səmərəlişəkildə qarşısının alınmasında, aşkar edilməsində və aradan qaldırılmasında əməkdaşlıq edirlər. Sonda onu da qeyd edək ki, vətəndaşların qanunla qorunan maraqlarının kriminal qəsdlərdən qorunması və təqsirkarların məsuliyyətə cəlb olunaraq ədalət mühakiməsinə təhvil verilməsi hüquq-mühafizə orqanlarının daim diqqətindədir. Eynizamanda bu məsələdə hər birimizin vətəndaş məsuliyyətinin olduğunu da unutmamalıyıq.

 

Siyavuş BABAYEV

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

26 noyabr 2021-ci ildə "Şərq qapısı" qəzetində dərc edilmişdir