date saat
Hüquqi maarifləndirmə tədbirləri çərçivəsində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti tədbir Kəngərli rayonunda təşkil edilmişdir. Keçirilən tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov açaraq seminarın keçirilməsinin əsas məqsədini diqqətə çatdırıb. Qeyd edilib ki, qanunvericiliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklərin də səlahiyyətlərinə daxildir. Bu baxımdan qeydiyyat əməliyyatlarının həyata keçirilməsi zamanı məsul şəxslər qanunvericiliyin tələblərinə düzgün şəkildə əməl etməlidirlər.
Nazirliyin əməkdaşı Zülfü İsmayılov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışında bildirib ki, inzibati ərazi dairələri üzrə nümayəndəliklər səlahiyyətlərinə verilmiş, doğumun, ölümün və nikahın qeydiyyata alınması zamanı qanunvericiliyin tələblərinə əməl etməli, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilməlidir. Bu sahədə məsul şəxslər tərəfindən müvafiq sahə üzrə əməliyyatlar aparılarkən kargüzarlıq qaydalarına riayət edilməli və nöqsanlara yol verilməməlidir.
Seminarda nazirliyin əməkdaşları Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar”, Reyhan Sadiqovanın “Ailədə uşaqların hüquqları, ad hüququ, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”, Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzularında çıxışları dinlənilmişdir. Vurğulanıb ki, uşaqlara ad valideynlərin birgə razılığı əsasında verilir. Ad seçilərkən uşağın gələcəyi, mənafeyi nəzərə alınmalıdır. Bu sahədə maarifləndirilmənin aparılması vacib şərtlərdəndir. İcra nümayəndələri əməliyyatları apararkən adların düzgün yazılışına da diqqət etməli və yazılan adlar Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti