date saat
Muxtar respublikada sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şəraitin yaradılması dövlətin siyasətinin prioritet istiqamətini təşkil edir. Muxtar respublikada sаhibkаrlıq fəаliyyətinə kənаr müdахilələrin qаrşısının аlınmаsı, onların hüquqlаrının müdаfiəsi də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 30 sentyabr tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanına müvafiq olaraq bu sahədə ardıcıl tədbirlər görülür. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə verilmiş mühüm tapşırıqlardan biri sahibkarlıq müəssisələrində əsassız yoxlamaların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi istiqamətində olmuşdur.
Nazirlik Ali Məclisin sessiyalarında verilən bütün tapşırıqları daim diqqətdə saxlayır, eləcə də bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin edir. Noyabrın 24-də Ədliyyə Nazirliyində muxtar respublika ərazisində sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası” mövzusunda seminar keçirilmişdir.
Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəalar”, Nərminə Əlizadə isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi və əhəmiyyəti mövzularında çıxış etmişlər. Bildirilib ki, nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 18 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbləri əsasında reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir.
Məruzəçilər hazırlanan slaydlar vasitəsi ilə iştirakçılara reyestrə yoxlama ilə bağlı daxil edilən məlumatlar, reyestrin aparılması prinsipləri, əsasnaməyə uyğun olaraq yoxlayıcı orqanlar üzərinə qoyulmuş vəzifələr və yoxlayıcı orqanların məsuliyyəti haqqında geniş məlumat vermişlər. Qeyd edilmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementidir. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti