date saat

Muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlrına metodiki köməkliyin göstərilməsi və ardıcıl olaraq maarifləndirmə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda fəaliyyət göstərən bələdiyyə orqanlarının əməkdaşları üçün seminar təşkil edilmişdir.

“Yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllində bələdiyyələrin vəzifələri” mövzusunda keçirilən seminarda Culfa Rayon İcra Hakimiyyəti aparatının, Ədliyyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli bələdiyyə orqanlarının əməkdaşları iştirak etmişlər.

 

Seminarda çıxış edənlər qeyd etmişlər ki, bu gün aktuallığı ilə seçilən ekoloji problemlərin həlli sahəsində dövlət orqanları ilə yanaşı bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür. Belə ki, yerli ekoloji proqramların qəbulu və icra edilməsi bələdiyyələrin səlahiyyət dairəsindədir. Hər bir bələdiyyə ərazisində ekoloji təhlükəsizliyin təmin edilməsi üçün ilk növbədə öz ərazisinin ekoloji təhlükəlilik baxımından hansı zonaya aid olduğunu dəqiq bilməlidir. Muxtar respublikamız böyük təbii ehtiyatlara malik bir diyardır, mövcud təbii ehtiyatların gələcəyimiz naminə qorunması yerli özünüidarə orqanlarının da qüvvə və səylərinin artırılmasını tələb edir. Ona görə də, hər bir bələdiyyə ətraf mühitin mühafizəsinə öz səyini əsirgəməməli, ərazinin təmizliyinə diqqət daha da artırılmalıdır.

Çıxış edənlər iştirakçılara ətraf mühitin qorunmasında qanunvericiliyin tələbləri və bələdiyyələrin rolu, ekoloji hüquq pozuntusuna görə mülki məsuliyyət, ətraf mühitə və insan sağlamlığına dəymiş ziyanın ödənilməsi haqqında ətraflı məlumat vermişlər.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılmış, iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilmişdir.

 

     Naxçıvan Muxtar Respublikası

 Ədliyyə Nazirliyinin mətbuat xidməti