date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Gənclər Fondunun birgə təşəbbüsü ilə keçirilən məhkəmə simulyasiyası layihəsinin növbəti mərhələsinə yekun vurulub. Lahiyədə nazirliyin, Gənclər Fondunun və Naxçıvan Dövlət Universitetinin əməkdaşları və tələbələri iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində keçirilən dörd günlük təlimin məqsədi tələbələrin nəzəri biliklərinin artırılmasına və gələcəkdə potensiallı kadrlar kimi yetişməsinə xidmət edib. Layihə nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri üçün nəzərdə tutulmuşdir. Nazirliyin əməkdaşları tərəfindən tələbələrə Gənclər Mərkəzində üç gün təlim keçirilmiş, Babək Rayon Məhkəməsində keçirilən mülki məhkəmə icraatı üzrə proseslərdə iştirak etmələri təmin edilmişdir.
Təlim müddətində tələbələrə iddia ərizəsi, etiraz, vəsatət verilməsi qərardad, qətnamə və məhkəmənin digər yekun qərarlarının layihələrinin hazırlanması izah edilmiş, onların bu qərarların layihələrinin hazırlanmasında iştirakları təmin edilmişdir. Tələbələr təlimlərdə fəal iştirak etmiş, müstəqil şəkildə iddia ərizəsi, məhkəmə bildirişi və qərardad nümünələri hazırlamışlar. Həmçinin tələbələr təlimlərdə seçilən mövzular ətrafında məhkəmə prosesində tərəf kimi iştirak etmişlər.
Layihənin yekunu olaraq Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin məhkəmə zalında 2 qrupla bu istiqamətdə məhkəmə prosesi təşkil olunmuşdur. Məhkəmə simulyasiyası qanunla müəyyən edilmiş bütün prinsiplər nəzərə alınmaqla, xüsusən çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında keçirilib və sonda yekun məhkəmə qərarları elan edilib. Proses zamanı hər iki qrup fəallıq göstərmiş, hüquqi biliklərini yüksək səviyyədə nümayiş etdirmişlər.
Layihə tələbələr tərəfindən maraqla qarşılanmış, onların praktiki biliklərə yiyələnmələrinə və bu sahə üzrə peşə bacarıqlarının əldə olunmasına müsbət təsir etmişdir. Layihədə fəal iştirak edən tələbələrə təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti