date saat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlə haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc hüquqşünasların hüquqi biliklərinin təkmilləşdirilməsinə mühüm rol oynayacaq növbəti “Məhkəmə simulyasiyası” layihəsinə start verilmişdir.
Noyabrın 2-də layihə üzrə təlimlərin keçirilməsinə başlanılmışdır. Təlimin ilk günü Gənclər Fondunun əməkdaşı Arzu Qasımov bildirib ki, keçirilən bu cür simulyasiyalar tələbələrin bilik və bacarıqlarının daha da artırılmasına xidmət edir.
Nazirliyin əməkdaşı Kərim Şimisoy bildirib ki, layihənin məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına uyğun olaraq nazirliyin hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin hüquqşunaslıq ixtisası üzrə təhsil alan tələbələrinin məhkəmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların bu sahədə nəzəri biliklərinin ortaya çıxarılmasına və gələcək üçün daha potensiallı kadrların yetişdirilməsinə yönəlmişdir. Layihə bir neçə tələbə qrupları tərəfindən hazırlanan məhkəmə proseslərinin canlandırılması, tələbələrin müəyyən bir proses iştirakçısı qismində öz bilik və bacarıqlarının nümayiş etdirilməsindən ibarətdir. Tələbələr iddiaçı və cavabdeh kimi hər hansı bir mülki məhkəmə prosesində nəzərdə tutulan mövzular üzrə çəkişmə prosesi aparacaqlar. Həmçinin tələbələrə iddia ərizəsinin, yekun məhkəmə qərarlarının hazırlanma prosesinin izah olunması, onlar tərəfindən bu qərarların hazırlanıb qiymətləndirilməsi kimi fəaliyyətlər nəzərdə tutulur.
Layihə iki mərhələdən: hüquqi biliklərin təkmilləşdirilməsi və simulyasiya mərhələsindən ibarət olub, dörd gün müddətində keçirilməsi nəzərdə tutulmuşdur. Hüquqi bilikləri təlim mərhələsindən təkmilləşdirildikdən sonra gənc tələbələr seçilmiş mövzü ətrafında məhkəmə prosesini keçirə biləcəklər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti