date saat
"Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin kollektivi Bəhruz Kəngərli Muzeyini ziyarət edib.
Bələdçi muzey haqqında kollektivə məlumat verərək bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində iştirak etmiş və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.
Qeyd olunmuşdur ki, Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır. Muzeydə 9 ekspozisiya zalı var. Buranın ümumi sahəsi 560 m²-dir. Şərq və qərb memarlıq elementlərinin sintezindən tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir. Hər iki mərtəbədəki otaqlara giriş dəhlizlərdəndir. İkinci mərtəbədə qərb tərəfə baxan 1 ədəd balkon var. Bina iqlim şərtlərinə uyğun olaraq çiy kərpicdən tikilmiş və fasadı bişmiş kərpiclə üzlənmişdir. Divarların qalınlığı 90 sm-dir. Binaya giriş şimaldandır. XX əsrdə binadan tədris müəssisəsi kimi istifadə olunmuşdur. Əvvəlcə pedaqoji texnikum, sonra isə Heyran xanım adına tibb texnikumu yerləşmişdir.
Burada 350-yə yaxın maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-sı rəssamın əsərlərinin orijinalı, 300-ü isə foto surətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyaları etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri, görkəmli şəxslərin və sənətşünasların rəssam haqqında fikirlərini əks etdirən iqtibaslar da varndan və digər materiallardan ibarətdir.
Sonra nazirliyin kollektivi muzeyin ekspozisiyası ilə yaxından tanış olub, Bəhruz Kəngərlinin fəaliyyəti barədə dolğun məlumat əldə ediblər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti