date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans keçirilmişdir. “Naxçıvan” Universitetində təşkil edilən konfransda nazirliyin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak etmişlər.
Konfransda nazirliyin əməkdaşları Rəşad Allahverdiyevin “Nikaha xitam verilməsinin qanuni rejimi”, Həbibə Əliyevanın “Nikahın pozulmasının qeydə alınması qaydaları”, Reyhan Sadiqovanın “Nikahın etibarsız sayılması əsasları” mövzularında, universitetin müəllimləri Təranə Əliyevanın “Nikahın pozulmasının uşaqlara psixoloji təsiri” və Aytən Məmmədovanın “Nikahın pozulmasında cəmiyyət faktoru” mövzusunda çıxışları dinlənilib.
Konfransda nikahın pozulması zamanı qanunvericiliyin tələbləri, nikahın pozulmasının qeydə alınması qaydaları diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı ilə rayon (şəhər) qeydiyyat şöbələrində xitam verilə bilər. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda, ər və ya arvad nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
Qeyd edilib ki, nikahın pozulması uşaqların psixologiyasına və sosiallaşma prosesinə mənfi təsir göstərir. Valideynlər onların normal böyüməsi, yetişməsi üçün tam şərait yaratmağa çalışmalıdır. Hər bir valideyn uşağın maddi-mənəvi ehtiyaclarının qarşılanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmçinin konfransda nikahın etibarsız sayılmasını halları, etibarsız sayılmasının nəticələri və nikahın etibarsız sayılmasını aradan qaldıran hallar barədə geniş məlumat verilmişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti