date saat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Bu məqsədlə cari ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında 2021-2022-ci tədris ili üçün birgə tədbirlər planı imzalanıb.
Tədbirlər planının icrası istiqamətində universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri üçün “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda seminar təşkil edilmişdir. Keçirilən seminarı giriş sözü ilə fakültənin dekanı Əşrəf Ələkbərov açaraq Sərəncamın əhəmiyyətindən danışmış, eləcə də hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bugünkü seminarın da əsas məqsədi tələbələrin dövlət və bələdiyyə idarəetməsi sahəsində bilik və bacarıqlarını daha da artırılmasına xidmət edir.
Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, universitetin müəllimi Səttar Zamanov bildirib ki, Ali Məclis Sədri tərəfindən imzalanan bu Sərəncam muxtar respublikanın ali və orta ixtisas məktəblərində təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Nazirliyin hamiliyə verilən dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onlara nazirliyin və bələdiyyə orqanlarının gündəlik iş prosesi ilə yerində tanış olmaları üçün şərait yaradılır. Bu da təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə yiyələnməsinə rəvac verir.
Nazirliyin əməkdaşı Rövşən Mirzəyev “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda geniş məruzə etmişdir. Qeyd etmişdir ki, dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanları arasında fəaliyyətin öyrənilməsi nəzəri və praktiki əhəmiyyətə malikdir. Məruzəçi hər iki orqanının səlahiyyətlərinin qanunla necə tənzimlənməsi barədə tələbələrə ətraflı məlumat vermişdir.
Seminarda tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti