date saat
Okyabrın 25-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsində həyata keçirilən “Gənclərin qrafologiya məktəbi” layihəsi çərçivəsində nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı tələbələr üçün təlim keçmişdir.
Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi əvəzi I dərəcəli ədliyyə qulluqçusu Emin Əliyev təlimdə yazı və xəttin yaranması, yazı prosesi, qrafologiyanın yaranması və inkişafı, xətşünaslığın və qrafologiyanın müxtəlif elmlərlə əlaqəsi barədə tələbələrə geniş məlumat vermişdir. Bildirib ki, qrafologiya-şəxs və xətt ilə bağlı elm sahəsidir. Qrafologiyanın yaranması qədim dövrlərə gedib çıxsa da termin kimi XIX əsrin əvvəllərində J.İ.Mişonun əsərində işlədilmişdir. Bəşəriyyətin inkişafı tarixində yüzlərcə kəşflər edilmişdir. Hər bir kəşf öz vəzifə və məqsədinə görə cəmiyyətin tərəqqisində xüsusi rol oynamışdır ki, bunlardan da ən böyüyü yazıdır.
Qeyd edilmişdir ki, yazı insan fəaliyyətinin xüsusi mürəkkəb növüdür. İlk yazılar müxtəlif şəkillər və simvollar əsasında formalaşdırılan təsvir vasitəsi ilə müəyyən məlumatlar şəklində yazıya köçürülmüşdür. Belə məlumatların yazıya çevrilmə səbəbi nitqi şəkil və simvollarla canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurətindən meydana gəlmişdir.
Mövzular slayd vasitəsilə izahlı təqdimatla nümayiş edilib. Sonda mövzu ətrafında müzakirələr aparılmış və tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti