date saat
Muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrə metodiki köməkliyin göstərilməsi və ardıcıl olaraq maarifləndirmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bu tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə torpaqlarının idarə olunmasında səmərəliliyin artırılması” mövzusunda Babək rayonunda fəaliyyət göstərən bələdiyyə orqanlarının əməkdaşları üçün seminar təşkil edilmişdir.
Babək Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Müşviq Məmmədsoy seminarın əhəmiyyəti barədə məlumat vermiş, maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini vurğulamışdır.
Seminarda nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə fiziki və hüquqi şəxslərə verilməsinin xüsusiyyətləri” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada fəaliyyət göstərən yerli özünüidarə orqanları bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmalı və aqrotexniki qaydalara uyğun əkinlər aparılmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan məqsədli təyinatına uyğun səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Bələdiyyə torpaqları icarəyə verilərkən normativ hüquqi aktlarda müəyyən edilmiş müddətlərə əməl olunmalıdır.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Torpaq məsələləri şöbəsinin yerqurluşu, torpaq ehtiyatlarından istifadə, geodeziya və xəritəçəkmə işləri sektorunun müdiri, Oqtay Məmmədov “Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları” mövzusunda çıxış edərək qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqlardan qanunauyğun istifadə edilməsi nəzarətdə saxlanılır, muxtar respublikanın şəhər və rayonlarında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyəti yoxlanılır, torpaq sahələrinin və üzərindəki tikililərin naturadakı vəziyyəti həmin ərazinin yerquruluşu planı ilə müqayisə edilir, əhali arasında maarifləndirmə işləri aparılır və aşkar olunmuş torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilikdən irəli gələn vəzifələr” mövzusunda çıxış edən nazirliyin Qanunvericilik bölməsinin rəisi Ayaz Məhərrəmov qeyd etdi ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. İnzibati nəzarət bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.
Seminarda iştirakçılara bələdiyyə torpaqlarının idarə olunmasında səmərəliliyin artırılması haqqında ətraflı məlumat verilmiş, mövzu ətrafında geniş müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti