date saat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçivan Dövlət Universitetində tələbələr üçün kriminalistikanın müasir imkanları “Əlyazmaların kriminalistik tədqiqatı” və “Sənədlərin, pulların və qiymətli kağızların texniki kriminalistik tədqiqi” mövzusunda praktiki dərs keçirilmişdir.
11 və 18 oktyabr 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi əvəzi I dərəcəli ədliyyə qulluqçusu Emin Əliyev Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsində tələbələrə kriminalistikanın müasir imkanları “sənədlərin, pulların və qiymətli kağızların texniki kriminalistik tədqiqi” mövzusunda Məhkəmə ekspertizası və Kriminalistika laboratoriyasında praktik dərs keçmişdir.
Ekspert qeyd etmişdir ki, hüququn digər sahələrindən fərqli olaraq kriminalistik taktika və texnikanı, metod və metodikaları dünyanın istənilən ölkəsində tətbiq etmək mümkündür. Bu baxımdan kriminalistika elminin vətəni yoxdur. Ona görə də burada nəzəri biliklərlə yanaşı təcrübi biliklərin də əldə olunması zəruridir. Keçirilən bu təcrübi dərslərin gələcəkdə əhəmiyyətinin böyük olacağı danılmazdır.
Təcrübi dərs zamanı yazı və xəttin yaranma tarixindən onun bu günə qədər keçdiyi mərhələlərdən hazırkı istifadə dairəsindən, əlyazmaların, imzaların ümumi, topoqrafik və xüsusi əlamətləri barədə, qeyri-adi psixofizioloji vəziyyətlərdə və qeydi-adi şəraitlərdə icra olunmuş əlyazma mətnlərin bir qrup əlamətləri barədə, xəttə görə icraçının cinsi mənsubiyyətinin və ehtimal yaş qrupunun müəyyən edən bir neçə ümumi və xüsusi əlamətlər əyani olaraq izah olunmuşdur.
Bundan başqa sənədlərin texniki kriminalistik tədqiqi ilə əlaqədar sənədlərlə davranış qaydaları, sənədlərin qismən və ya tam saxtalaşdırılma üsulları və bir sıra cinayətlərin açılmasında sənədlərin kriminalistik tədqiqatının əhəmiyyətindən, möhürlərin və klişelərin həqiqi olub-olmaması əlamətləri, əskinasların və qiymətli kağızların və xüsusi mühafizə vasitələrinin mövcud olan beş səviyyəsi haqqında, pul nişanları və qiymətli kağızların saxtalaşdırılma üsullarından bəhs edilərək misallar göstərilmişdir.
Praktik dərs əyani vəsaitlərlə təqdim olunduqdan sonra dərs diskusiya çərçivəsində davam etmiş, tələbələri maraqlandıran suallar təcrübəçi tərəfindən cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti