date saat

Nazirliyin əməkdaşları tərəfindən icrası çətinlik törədən işlərin həyata keçirilməsində yerli qurumlara köməklik göstərilir, məhkəmə və digər orqanların qərarlarının vaxtında təmin olunması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Növbəti tədbir Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində keçirilmişdir.

Tədbirdə icra və probasiya şöbəsinin icraatında olan aliment və pul tələblərinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.

İcradan yayınan borclu şəxslərə məlumat verilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunununda qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Belə ki, icra məmurunun tələblərini yerinə yetirməyən borclular ilkin olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati məsuliyyətə cəlb edildikdən sonra isə qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Mövcud sahədə aparılan profilaktik tədbirlərin digər yerli qurumlarda da davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti