date saat

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyat şöbələrinin rəislərinin iştirakı ilə tədris saatı təşkil edilmişdir.

Nazirliyin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar keçirilən tədris saatında qeyd olunub ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasının təşkili nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Qeydiyyat şöbələrində aparılan əməliyyatların qanunvericiliyə uyğun aparılması, qeydiyyat şöbələrinin işçilərinin peşəkarlıq səviyyələrinin artırılması, əmək və icra intizamına əməl oluması nəzarətdə saxlanılır. Eləcə də bu qurumların əlaqəli şəkildə işləyən inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılan əməliyyatların qanunvericiliyə uyğun aparılması ilə  bağlı da yoxlamalar aparılır və aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Nazirliyin digər yerli qurumları kimi qeydiyyat şöbələri də qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı metodiki tövsiyələrlə təmin olunurlar.

Tədris saatında çıxış edənlər kargüzarlıq işinin aparılması sahəsində qanunvericiliyin tələblərini iştirakçıların diqqətinə çatdırmışlar. Belə ki, “Azərbaycan Respublikası Ailə Məsəlləsi”nin,“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimatın” və “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları”nın tələbləri barədə ətraflı məlumat verilmiş, fəaliyyətindən asılı olmayaraq  xidməti fəaliyyətləri zamanı qeyd edilənlərə ciddi əməl olunmasının zəruriliyi diqqətə çatdırılmışdır.

Bildirilib ki, qeydiyyat sahəsində aparılan əməliyyatlar zamanı əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Məsul şəxslər tərəfindən bu sahə üzrə əməliyyatlar rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri nəzərə alınmalı və qeydiyyat şöbələrinə müraciət edən vətəndaşların qanuni mənafeləri qorunmalıdır. Əməliyyatların aparılmasında nəzərdə tutulan müddətlər gözlənilməli, kargüzarlıq qaydalarına riayət edilməlidir. Qeydiyyat şöbəsinin rəisi onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları qorumalıdır. Ona görə də hər bir qeydiyyat şöbəsinin rəisi qanunla müəyyən edilmiş vəzifələrini vaxtında yerinə yetirməli, əməliyyatların rəsmiləşdirilməsi  zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzərdə tutulan rüsumun vaxtında dövlət büdcəsinə ödənilməsinə diqqət yetirilməli, əməliyyatların rəsmiləşdirilməsi zamanı tərəflərin şəxsən iştirakı təmin edilməli və fəaliyyətləri ilə bağlı nazirliyin apardığı hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməlidirlər. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının icrası ilə əlaqədar olaraq qeydiyyat şöbələri tərəfindən uşaqlarla bağlı məlumatların da vaxtında elektron banka yerləşdirilməsi təmin olunmaldır. Qeydiyyat şöbələrində çalışan əməkdaşlar da nizam-intizamlı olmalı və müraciət etmiş şəxslərlərlə nəzakətli davranmalıdırlar.

Tədris saatı qarşılıqlı müzakirələr əsasında keçirilmiş, xidməti vəzifələrin icrası ilə əlaqədar müzakirə və təhlillər aparılmış, verilən suallar cavablandırılmışdır. 

     

      Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti