date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə metodiki köməkliyin göstərilməsi və ardıcıl olaraq maarifləndirmə tədbirlərini həyata keçirilməsini davam etdirir. Bu dəfəki tədbir nazirliyin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şərur rayonunda fəaliyyət göstərən bələdiyyə orqanlarının əməkdaşları üçün təşkil edilmişdir.
“Yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllində bələdiyyələrin vəzifələri” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Şərur Rayon İcra hakimiyyəti aparatının inzibati ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Sahib Qurbanov açaraq iştirakçılara tədbirin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazovun “Yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərininin hüquqi tənzimlənməsi və bələdiyyələrin vəzifələri”, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadəyə Dövlət Nəzərati şöbəsinin müdiri Azər Məmmədovun “Bələdiyyə ərazisinin ekoloji normativlərə uyğun olaraq təmizlənməsi ilə bağlı qanunvericiliyin tələbləri” və nazirliyin Qanunvericilik bölməsinin rəisi Ayaz Məhərrəmovun “Ekoloji qanunvericiliyin pozulması halları və məsuliyyət” mövzularında çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki, bu gün aktuallığı ilə seçilən ekoloji problemlərin həlli sahəsində dövlət orqanları ilə yanaşı bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür. Belə ki, yerli ekoloji proqramların qəbul və icra edilməsi bələdiyyələrin səlahiyyət dairəsindədir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunda qeyd olunur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi və emalı, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması ilə bağlı tədbirlər daxil edilməlidir. Hər bir bələdiyyə ərazisində ekoloji təhlükəsizliyin təmin edilməsi üçün ilk növbədə öz ərazisinin ekoloji təhlükəlilik baxımından hansı zonaya aid olduğunu dəqiq bilməlidir. Muxtar respublikamız böyük təbii ehtiyatlara malik bir diyardır, mövcud təbii ehtiyatların gələcəyimiz naminə qorunması yerli özünüidarə orqanlarının da qüvvə və səylərinin artırılmasını tələb edir. Ona görə də, hər bir bələdiyyə ətraf mühitin mühafizəsinə öz səyini əsirgəməməli ərazinin təmizliyinə diqqət daha da artırılmalıdır .
Çıxış edənlər iştirakçılara ətraf mühitin qorunmasında qanunvericiliyin tələbləri və bələdiyyələrin rolu, ekoloji hüquq pozuntusuna görə mülki məsuliyyət, ətraf mühitə və insan sağlamlığına dəymiş ziyanın ödənilməsi haqqında ətraflı məlumat vermişlər.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti